Başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Vətən Müharibəsi şəhidlərinə, qazilərinə bu günlər üçün minnətdarıq.
Bu sözləri “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Xocalı. Son toy…” filminin təqdimatında deyib.
Direktor filmin ərsəyə gəlməsində bir çox qurumlara və şəxslərə minnətdar olduqlarını ifadə edib.
“Şübhəsiz, birinci növbədə, filmin "Global Media Qrup"un dəstəyi ilə ərsəyə gəldiyini deməliyik”.
F.Hüseynəliyev bildirib ki, çəkiliş prosesi o qədər də asan olmayıb:
“Hesab edirəm ki, bu, filmə baxanda da aydın oldu. Biz hər bir mərhələdə dəstək gördük, dəstək hiss etdik. Ümid edirəm ki, bu dəstəyi doğrulda bildik”.
Qeyd edək ki, bu gün Nizami Kino Mərkəzində “Xocalı. Son toy...” filminin təqdimat mərasimi keçirilib. “Global Media Group”un və “Report” İnformasiya Agentliyinin birlikdə ərsəyə gətirdiyi “Xocalı. Son toy...” bədii-sənədli filminin süjet xətti 33 il öncə ermənilərin Xocalını atəşə tutması nəticəsində yarımçıq qalan sonuncu toy mərasiminə əsaslanır.
Ekran işində xalqımızın keşməkeşli tarixinin ən ağrılı səhifəsi olan Xocalı yarasının məhz bu toyun fonunda yenidən sevincə, pozitiv gələcəyə köklənməsi əksini tapır. Filmin real kadrları Xocalıda, bədii hissəsi isə Ağsuda lentə alınıb.
Filmin layihə rəhbəri “Global Media Group” İdarə Heyətinin sədri Elnur Nazim oğlu Abdullayev, ideya və ssenari müəllifi Niyam Şirinov, quruluşçu rejissoru Yusif Ələkbərzadə, prodüseri isə Fuad Hüseynəliyevdir.