AZ

Azərbaycanda bir sıra QHT-lərlə bağlı cinayət işi başlanıb

Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri – hökumət təşkilatları ilə bağlı cinayət işi başlanıb.

APA-nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2 , 213.1 , 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Cinayət işi Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri – hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri – hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarını araşdırır.

Məlumata görə, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda qeydiyyatdan keçməmiş “Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, ” Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli, “İştirak Evi ” MMC – nin təsisçisi və direktoru Məmməd Məmmədzadəyə ( Məmməd Alpay) və daha bir neçə nəfər müxtəlif adlar altında qanunsuz qrant vəsaitləri alıblar. Bu vəsaitlər Ədliyyə Nazirliyi və digər icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçməyib, ölkə qanunvericiliyinə zidd olaraq, “xidmət müqaviləsi” adı altında ayrılıb və ölkəyə göndərilib.

Məlumata görə, 2020-2021-ci illərdə Bəşir Süleymanlı və Məmməd Alpay fiziki şəxs kimi ABŞ-ın Alman Marşal Fondu ilə xidmət müqavilələri adı altında dövlət qeydiyyatına alınmayan müqavilələr tərtib ediblər. Sübhan Həsənli isə eyni formada ABŞ-ın ” FH1360 ” humanitar təşkilatı, Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb.

Guya bu şəxslər ayrı-ayrı beynəlxalq təşkilatlara xidmət göstəriblər və bunun əvəzində “xidmət haqqı” alıblar. Əslində isə qrantlar bu adla rəsmiləşdirilib, daha sonra isə həmin vəsaitlərlə maliyyə əməliyyatları aparıb, leqallaşdırıblar.

Leqallaşdırılan vəsaitlər isə maliyyə ayıran beynəlxalq təşkilatların tapşırığı ilə həssas sosial təbəqələrin “hüquq müdafiəsi” adı altında ictimai – siyasi sabitliyin pozulması üçün xərclənib. Bu vəsaitlər daha ” No war ” , ” LGTB ” , ” ultra liberal ” düşüncəsinin dəstəklənməsi, mental dəyərlərə qarşı əks təbliğat aparılması üçün sərf olunub. Daha çox isə bu qruplar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün əleyhinə yönəlmiş fəaliyyətin qurulmasına xərclənib.

Dünən Məmməd Alpay ( Məmmədzadə) və Bəşir Süleymanlı Cinayət Məcəlləsinin 193-1.3.2 ( cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma ), 308.2 ( ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui – istifadə etmə ) və 313 – cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Bu şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sübhan Həsənli də Cinayət Məcəlləsinin 193-1.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 və 313 – cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Lakin o, istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilib. Onun barəsində də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

APA onu da öyrənib ki, qanunsuz müqavilələrlə qrant vəsaiti alaraq Azərbaycana gətirən şəxslərlə bağlı istintaq araşdırması davam edir. Araşdırma təkcə bu fəaliyyətlə məşğul olan QHT-ləri və onların rəhbərlərini əhatə etmir. Bu fəaliyyətə şərait yaratmış qurumlar, o cümlədən bank əməkdaşlarının da cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində işlər görülür.

Seçilən
12
27
azpost.info

10Mənbələr