AZ

Viləşçayı xortumlayanlara hökm oxundu

Külli miqdarda mənimsəmədə ittiham olunan ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev, həmçinin digər əməkdaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ağabəy Ağayev 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhrum etmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti seçilib. Həmçinin Ağabəy Ağayevin 2 milyon 215 min manatlıq əmlakı da müsadirə olunub.

Eləcə də digər təqsirləndirilənlər Mahir Əliyevin 236 min manatlıq əmlakı müsadirə olunmaqla 11 il 6 ay, Əjdər Fətullayev isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

Məhkəmədə Sədrəddin Ağababayev barəsində də Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Belə ki, o, 10 il müddətə azadlıqdan məhrum edilib və barəsində 3 il sınaq müddəti seçilib. Hökmlə digər təqsirləndirilən İsmayıl Əlizadəyə isə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Ağabəy Ağayevin 10 il, Mahir Əliyevin 13 il, Əjdər Fətullayevin 12 il, Sədrəddin Ağababayevin 10 il, İsmayıl Əlizadənin isə 4 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, onlar 1 milyon 830 min manatlıq mənimsəmədə ittiham olunurlar.

Seçilən
1
5
aznews.az

10Mənbələr