“Oruc tutub-tutmasından asılı olmayaraq hər kəsin fitrə zəkatı çıxarması vacibdir. İmkanlılar fitrə zəkatını bir az artıq çıxarsalar, daha məqsədəuyğun olar”.
Bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullayev deyib.
Fitrə zəkatı nə zaman çıxarılmalıdır?
O bildirib ki, fitrə zəkatı bayram axşamı çıxarılır: "Ailə başçısı ailə üzvlərinin sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, orta səviyyədə yaşam tərzi olan insanlar adambaşına 10-15 manat fitrə zəkatı çıxarsın. Yaşayış səviyyəsi bu məbləği verməyə imkanı olmayanlar isə adambaşına 3-5 manat çıxara bilər. Bunun üçün standart məbləğ qərarlaşdırılmayıb. Bu, sadəcə Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsidir. Hər evdən ildə bir dəfə fitrə zəkatı çıxarılıb kasıblara verilir. Çünki yoxsulları sevindirmək böyük savabdır”.
Fitrə zəkatı kimlərə verilməlidir?
Fuad Nurullayevin sözlərinə görə, fitrə zəkatı birinci növbədə ehtiyacı olan yaxın qohumlarına verilməlidir: “Qohum yoxdursa, ehtiyacı olan qonşulara, məhəllədə, kənddəki tanışlara verilməlidir. Əslində şəriət qanununda fitrə zəkatı 3 kq ən çox yeyilən ərzaqdan çıxarılır. Bu buğda, un, düyü, kişmiş, xurma kimi ərzaqlardır. Ancaq məsləhət odur ki, fitrə ehtiyacı olanlara pul şəklində hesablanıb, verilsin. Pul şəklində əldə edildikdə onu ərzaq ehtiyaclarına, təhsilə, xəstə varsa, onun dərman xərclərinə, ehtiyacı olan istiqamətlərə yönəldilə bilər. Bu şəkildə verilməsi, daha məqsədəuyğundur. Amma dinimizdə bu, ərzaq ilə ölçülür. İmkanı olmayan insanların fitrə zəkatı çıxarmasına ehtiyac yoxdur. Onların dua və istiğfar etmələri, Allahdan bağışlanma istəmələri kifayətdir. Allah bilir ki, kimin imkanı nəyə çatır. Fitrə zəkatı bayram namazına qədər verilməlidir".
QİM rəsmisi əlavə edib ki, əgər evə qonaq gələrsə, onlar üçün fitrə zəkatı çıxarmaq ev sahibinin boynunda haqdır.
"Ailə üzvlərindən səfərdə olan, hərbi xidmətdə olanlara fitrə çıxarmaq vacib deyil. İnsanları fitrə zəkatı verməyə səsləyirəm, bu, gözəl əməldir, bundan çəkinməsinlər. Ramazan ayının ən böyük fəzilətlərindən biri paylaşmaqdır”, - sədr müavini qeyd edib.
Qeyd edək ki, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.