AZ

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

"OpenAI" şirkətinin süni intellekti olan "ChatGPT" milyonlarla insanın gündəlik həyatının bir hissəsinə çevrilib: hər gün bu çatbot vasitəsilə bir milyarddan çox sorğu göndərilir. Lakin bu uğurun fonunda məxfiliklə bağlı narahatlıqlar da artır. 

Valyuta.az xəbər verir ki, "ChatGPT" artıq İtaliyada müvəqqəti qadağa ilə üzləşmişdi və bu, əsassız deyildi - çata daxil edilən bütün məlumatlar təlim üçün istifadə oluna, insanlar tərəfindən nəzərdən keçirilə və ya hətta digər istifadəçilərə təsadüfən göstərilə bilər.

"OpenAI" açıq şəkildə xəbərdarlıq edir: sizin təqdim etdiyiniz məlumatlar maşın təlimi üçün istifadə oluna bilər. Buna görə də, çat vasitəsilə göndərdiyiniz istənilən məlumatı potensial ictimai informasiya kimi qəbul etmək daha məqsədəuyğundur. "Forbes" nəşri "ChatGPT" ilə bölüşülməməli olan 5 məsələni təqdim edib.

Qanunsuz və qeyri-etik sorğular

Süni intellektdən bankomatı sındırmaq, qonşunun parolunu oğurlamaq və ya kimisə manipulyasiya etməyin yollarını soruşmaq təkcə əxlaqsız deyil, həm də hüquqi nəticələrə gətirib çıxara bilər. Əksər süni intellekt xidmətləri bu cür fəaliyyətləri izləyir və ciddi pozuntular olduqda məlumatları hüquq-mühafizə orqanlarına ötürə bilər.

Məsələn, Böyük Britaniya və Avropa İttifaqında "ChatGPT" vasitəsilə real insanların görüntüsündən istifadə edərək "DeepFake" videolar hazırlamağın yollarını öyrənmək qadağandır.

Login və parollar

"ChatGPT" bank hesabınıza necə daxil olacağınızı izah etmək üçün nəzərdə tutulmayıb. Hətta süni intellekt üçüncü tərəf xidmətlərinə qoşulsa belə – ona heç bir halda parolları daxil etməyin. Artıq keçmişdə digər istifadəçilərin şəxsi məlumatlarının cavablarda təsadüfən göründüyü hallar qeydə alınıb.

Maliyyə məlumatları

Eyni qayda bank kartlarının nömrələri, CVC kodları, hesab nömrələri və ya sənədlər kimi maliyyə məlumatlarına da aiddir. "ChatGPT" ödəniş platformalarından fərqli olaraq, şifrələmə, iki faktorlu təhlükəsizlik və ya məlumatların silinməsinə dair zəmanət təqdim etmir. Bu cür məlumatlar xaker hücumlarına, fişinq və sızma risklərinə qarşı həssasdır.

Məxfi sənədlər

İş hesabatları, müştəri bazaları, kommersiya təklifləri və xüsusilə də şirkətlərin daxili sənədləri – bunların heç biri ictimai süni intellektlə paylaşılmamalıdır. Misal üçün, "Samsung" şirkətində əməkdaşlar təsadüfən "ChatGPT" ilə konfidensial materiallar paylaşmışdı.

Tibbi məlumatlar

Hətta simptomlarla bağlı sual verdikdə belə unutmayın: süni intellektin tibb təhsili yoxdur, lakin o, müxtəlif çatlarda verilmiş məlumatları yadda saxlaya, topluya və emal edə bilir. Bu isə o deməkdir ki, sizin təqdim etdiyiniz məlumatlar başqa bir kontekstdə üzə çıxa bilər.

Tibbi məlumatlarla işləyən bizneslər üçün bu, məxfilik qanunlarının pozulması ilə bağlı cərimələrə səbəb ola bilər. Adi istifadəçilər üçün isə şəxsi sərhədlərin pozulması deməkdir.

Nəticə

Süni intellekt yaddaş deyil, mənbədir. Daxil etdiyiniz hər bir məlumat, nəzəri cəhətdən, başqa yerdə görünə bilər. Buna görə də ən yaxşı təhlükəsizlik qaydası belədir: internetin baş səhifəsində görmək istəmədiyiniz heç bir şeyi çat-botla bölüşməyin.

Süni intellekt texnologiyaları hüquqi baza və müdafiə sistemindən daha sürətlə inkişaf edir. Real nəzarət mexanizmləri yaradılmayana qədər bütün məsuliyyət biz -istifadəçilərin üzərindədir.

Qeyd: "OpenAI" tərəfindən aparılmış əvvəlki bir araşdırmada məlum olmuşdu ki, süni intellektlə ünsiyyət insanlarda tənha qalmaq hissini artıra bilər. Alimlər bu nəticəyə minə yaxın insanı bir ay müddətində müşahidə etdikdən sonra gəliblər.

Paşa Məmmədli

Seçilən
265
50
valyuta.az

10Mənbələr