Bakıətrafı qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb. Dövlət Su Ehtiyatları Agentliyindən aldığımız məlumata görə, dövlət investisiyası hesabına icra olunan həmin layihənin reallaşdırılması nəticəsində Abşeron yarımadasının şimal-şərq hissəsində, xüsusilə Maştağa, Nardaran və Bilgəh qəsəbələrinin sahil boyu ərazilərində, eyni zamanda, yeni salınmış yaşayış massivlərində içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub.
Layihəyə əsasən, ərazinin içməli su təchizatı Ceyranbatan sutəmizləyici qurğularından qidalanan Maştağa su anbarından gerçəkləşdiriləcək. Bu məqsədlə anbarın nasos stansiyası yenidən qurulacaq. Anbardan götürülən su nasoslar vasitəsilə Nardaran qəsəbəsində yeni tikilən 10 min kubmetr tutumu olan anbara vurulacaq.
Hazırda Maştağa və Nardaran anbarlarını əlaqələndirmək məqsədilə 820 millimetr diametrli polad borularla 6 kilometr uzunluğunda magistral su kəməri inşa edilir. Yaşayış massivlərinə suyun çatdırılması məqsədilə 530 millimetr diametrli polad borularla 11 kilometr uzunluğunda daşıyıcı magistral su kəmərləri çəkilir. Eyni zamanda suyun istehlakçılara çatdırılmasını təmin etmək üçün müşayiətedici və paylayıcı su xətləri tikilir.
Görüləcək iş çərçivəsində, ümumilikdə, 25 kilometr uzunluğunda magistral və paylayıcı su xətlərinin inşası layihələndirilib. Layihənin icrasına başlanandan qısa müddət ərzində su xətlərinin tikintisi işlərinin 50 faizi icra olunub. Eyni zamanda 10 min kubmetr tutumlu yeni su anbarının tikintisinə başlanılıb, həmçinin yaxın günlərdə nasos stansiyasının yenidən qurulmasına başlamaq nəzərdə tutulub.
Qeyd edək ki, layihənin əhatə etdiyi ərazidə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yoxdur. Ərazinin bir hissəsində əhali tərəfindən fərdi qaydada çəkilən su xətləri də tikinti normalarına cavab vermədiyindən istismara yararsız vəziyyətdədir. Şəbəkə olmayan ərazilərdə isə əhali içməli suyu maşınlarla əldə edir.
Yeni layihənin icrası nəticəsində çimərlik ərazisi boyu istirahət və turizm obyektlərinin də içməli su təchizatı yaxşılaşacaq. Plana əsasən, tikinti-quraşdırma işləri cari ilin sonuna qədər başa çatdırılacaq. Layihənin icrası Bilgəh, Nardaran, Maştağa qəsəbələrində, həmçinin yeni salınan yaşayış massivlərində 70 minə yaxın sakinin içməli su təchizatının yaxşılaşdırılmasına imkan verəcək.
Yeri gəlmişkən, əhalinin içməli su təchizatının yaxşılaşdırılması təkcə Bakıətrafı qəsəbələrdə deyil, həm də respublikamızın digər ərazilərində diqqət mərkəzində saxlanılır. Məsələn, Prezident İlham Əliyevin aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyması bunun bariz ifadəsidir. Yeri gəlmişkən, bu infrastrukturun yaradılması ilə Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin olunacağı nəzərdə tutulur.
Qeyd edək ki, Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə cari il aprelin 8-də dövlətimizin başçısı Şirvan suvarma kanalının yenidən qurulması haqqında müvafiq sərəncam imzalayıb. Həmin sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.
Neftçala şəhərinin içməli su təchizatı da yaxşılaşdırılıb. Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq qısa müddət ərzində Şirvan–Muğan qrup su kəmərindən Neftçalaya birinci magistral su kəməri çəkilib və Salyan şəhəri yaxınlığında tutumu 7500 kubmetr olan su anbarı inşa edilib. 2020-ci ilin noyabr ayında şəhərə suyun verilməsi təmin olunub. 2023-cü ildə isə Neftçala rayonunun qəsəbə və kəndlərinin su təchizatına xidmət edəcək ikinci magistral su kəmərinin tikintisi işləri yekunlaşıb.
Beləliklə, yeni yaradılan infrastrukturun imkanları hesabına ötən müddətdə Neftçala şəhəri ilə yanaşı, rayonun 39 yaşayış məntəqəsinin içməli su problemi həll edilib. Rayonun qalan 11 yaşayış məntəqəsi və Salyan rayonunun 6 kəndi də daxil olmaqla, ümumilikdə, 17 kəndinin su təminatının yaxşılaşdırılması məqsədilə 76 kilometr uzunluğunda kəmər, tutumu 7500 kubmetr olan su anbarı və 1 su nasos stansiyasının inşası layihələndirilib.
Yevlax şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan qumsüzgəc texnologiyalı sutəmizləyici qurğular kompleksi inşa edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə, layihənin ilkin mərhələsində ümumi həcmi 2500 kubmetr olan 2 içməli anbarının və 2,6 kilometrlik magistral su kəmərinin inşası başa çatdırılıb.
Hazırda Kür çayından nasoslar vasitəsilə götürülən su əvvəlcə xam su anbarına, daha sonra radial durulduculara ötürülür və çökdürülür. Növbəti mərhələdə qum süzgəclərdən keçən su zərərsizləşdirilərək təmiz su anbarına toplanır və yeni magistral kəmərlə şəhərin mövcud içməli su şəbəkəsinə verilir.
Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda da əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsinə mühüm önəm verilib. Ötən il mayın 5-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsinin birinci mərhələsinin icrasına başlanılıb. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən reallaşdırılan layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb.
İlkin mərhələdə şəhərin xarici su təchizatı sistemlərinin və mərkəzi anbarların tikintisi işləri həyata keçirilir. Füzuli şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Zərgər kəndi yaxınlığında ümumi tutumu 20 min kubmetr olan mərkəzi su anbarları inşa edilir. Layihəyə əsasən, Füzuli şəhərinin su mənbəyindən götürülən suyun şəhərə çatdırılmasını təmin etmək üçün 10,7 kilometr uzunluğunda magistral su kəmərinin inşası yekunlaşıb.
Füzuli şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə növbəti mərhələdə Gövşadlı kəndi yaxınlığında 15 subartezian quyusu qazılacaq. Bu mənbə hesabına Füzuli şəhəri ilə yanaşı, rayonun bir neçə kəndi də içməli su ilə təmin olunacaq.
Qeyd edək ki, Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi icra olunana qədər burada məskunlaşan əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası, magistral su kəməri inşa edilib. Şəhərdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi ümumi məhsuldarlığı sutkada 600 kubmetr olan 4 ədəd modul tipli təmizləyici qurğu da quraşdırılıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına əsasən, 2003-2023-cü illər ərzində respublikada 22 min kilometrdən çox su, 8 min kilometrdən çox kanal və tullantı su xətləri çəkilib. Eyni zamanda 320 içməli su anbarı yaradılıb, 174 nasos stansiyası tikilib, 1 milyon 500 su sayğacı quraşdırılıb. Həmçinin 45 yeni su mənbəyi yaradılıb. Eyni zamanda bu illər ərzində 54 şəhər və rayon mərkəzində su təchizatı və tullantı suların infrastrukturu layihələri icra olunub, onların 32-si tam başa çatdırılıb. Təqribən 1126 kənddə 1 milyon 500 min əhalini təmsil edən ərazidə içməli su təchizatı layihələri icra olunub, 28 tullantı su təmizləyici qurğu tikilib.
Vaqif BAYRAMOV XQ