Deputat: "Telekanallarımızdakı bayağı verilişlər maarifləndirici verilişlərlə əvəz edilməlidir"
"Boşanmaq istəyənlərin sayı dayanmadan artmaqdadır"
Milli Məclisin yeni deputatı, Ana Vətən Partiyası Qadınlar Şurasının sədri, "BUTA" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin rəhbəri Günay Ağamalı Modern.az-ın qonağı olub və suallarımızı cavablandırıb. Günay Ağamalı sabiq deputat Fəzail Ağamalının qızıdır.
Onunla müsahibəni təqdim edirik:
- Atanız uzun illər siyasətlə məşğul olub. Bu səbəbdən ötən il deputatlığa namizədliyinizi irəli sürərkən ən çox müzakirə olunan şəxsə çevrildiniz. O vaxta kimi sizi siyasi fəaliyyətlə məşğul olan aktiv şəxs olaraq görməmişik. Sizi siyasətə nə gətirdi?
- Mən 18 yaşımdan Ana Vətən Partiyasının üzvü olmuşam. Bundan öncəki fəaliyyətimə nəzər yetirsək, mən ictimai həyatda daha çox aktiv olmuşam. 2020-ci ildə Ana Vətən Partiyasının sədri tərəfindən kommunikasiya və humanitar məsələlər üzrə müşavir təyin olundum, daha sonra qurultayda partiyanın Qadınlar Şurasının sədri seçildim. 2020-cü ildən 2024-cü ilədək partiyadakı siyasi fəallığımla müəyyən qədər gündəmdə idim. Təbii ki, ondan öncə qeyd etdiyim kimi, ictimai fəallığım tanınmağıma təkan vermişdi.
Sonuncu parlament seçkilərində partiyamızın sədri Fəzail Ağamalı səhhəti ilə bağlı namizədliyini irəli sürmədi. Ana Vətən Partiyasından bir neçə nəfər namizədliyini irəli sürmüşdü, həmin şəxslər sırasında mən də vardım. İdarə Heyətində bu məsələ müzakirə olunanda, mən ilk növbədə etimada görə həm partiyanın sədrinə, həm də digər üzvlərə təşəkkürümü bildirdim və düşündüm ki, niyə də yox, niyə də namizədliyimi verməməliyəm?! Namizədliyimi verdim və mənim deputat olmağım xalqın seçimi idi. Bu gün 65 saylı Salyan-Biləsuvar-Neftçala dairəsi üzrə Milli Məclisdə təmsil olunmağım xalqın etimadının göstəricisidir.
- Vikipediyada sizin psixoloq olduğunuz qeyd edilib. Maraqlıdır, hansı universitetdə hansı ixtisas üzrə ali təhsil almısınız?
- Bakalavr pilləsini tərcüməçilik-dilşünaslıq ixtisası üzrə Qərb Universitetində bitirmişəm, daha sonra ali təhsilə Azərbaycan Dillər Universitetində eyni ixtisas üzrə davam etmişəm və oranı fərqlənmə ilə başa vurmuşam. İlk əmək fəaliyyətimə də məhz Azərbaycan Dillər Universitetində başlamışam. O zaman universitetin nəzdində Tərcümə Araşdırmalar Mərkəzi var idi, ilk dəfə orada mütəxəssis, daha sonra baş mütəxəssis vəzifəsində çalışdım. Orada işlədiyim müddət həm də ana idim, həmin vaxtlardan uşaqların psixologiyası məndə çox böyük marağa səbəb oldu, bu səbəbdən ixtisasartırma ilə Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya ixtisasına yiyələndim. Daha sonra eyni ixtisas üzrə doktorantura pilləsini də uğurla tamamladım.
- Azərbaycan universitetlərində təhsilin keyfiyyəti sizi qane edirmi?
- Bir məqamı xüsusi ilə qeyd etmək istərdim ki, oxuyan tələbə və ya şagird üçün bu o qədər də prinsipal əhəmiyyət daşımır. Əgər insanın daxilində, ruhunda təhsilə maraq varsa, gələcəkdə qarşısına məqsəd qoyub hansısa peşəyə, ixtisasa yiyələnmək istəyirsə, hesab edirəm ki, ona heç nə əngəl törədə bilməz.
Təhsilimizin bugünkü səviyyəsinə gəldikdə isə onu deməliyəm ki, mən Azərbaycan gəncinin fəaliyyətini çox yaxından izləyirəm. Bu gün Azərbaycan gənci istər təhsil, istərsə də ictimai fəallıq baxımından çox irəlidədir. Ona görə də gəncliyə böyük inam var. Xüsusilə 44 günlük Vətən müharibəsində biz Azərbaycan gəncliyinin necə vətənpərvər ruhda olduğuna şahidlik etdik. Bütün bunlar onu da göstərir ki, Azərbaycan gənci gəncliyin ən yüksək pilləsindədir.
Təbii ki, təhsilimizdə də müəyyən neqativ məqamlar olur, amma bu, pik həddə deyil. Bu gün biz Azərbaycan təhsilini yüksək qiymətləndirməliyik, Azərbaycan təhsilinə yiyələnmiş çoxsaylı soydaşlarımız var ki, istər ictimai, istərsə də siyasi, iqtisadi yöndə savad və istedadlarını göstərə biliblər. Ona görə mən hesab edirəm ki, Azərbaycan təhsili yüksək səviyyədədir, müəyyən neqativ məqamlar da zamanla öz həllini tapacaq.
- Siz uzun müddət “Buta” körpələr evi və uşaq bağçasının müdiri və “BUTA" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinin sədri olmusunuz. Bu sahəyə marağınız haradan qaynaqlanır və fəaliyyətinizin əsas istiqamətləri nələr idi?
- Məktəbəqədər təhsil sahəsinə gəlməkdə mənə stimul verən və bu işdə mənə vəsilə olan övladlarımdır. Həmin illərdə övladlarım kiçik yaşlarda idilər və düşündüm ki, evdə də, işdə də ana olmaq gözəl vəhdətdir. “Buta” körpələr evi və uşaq bağçası 2011-ci ildən 2024-cü ilədək fəaliyyət göstərib. Fəaliyyətinin dayanmasının səbəbi həmin ildə keçirilən parlament seçkilərində 65 saylı Salyan-Biləsuvar-Neftçala dairəsi üzrə deputat seçilməyim oldu. O ki qaldı, “BUTA" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək İctimai Birliyinə, o, hazırda da fəaliyyət göstərir. Qanunvericiliyə görə də, millət vəkilləri ictimai əsaslarla ictimai birliklərin sədri ola bilərlər. Bu sahədə biz bir çox işlər görmüşük, müəyyən uğurlara imza atmışıq. Bu gün hər kəsə bəllidir ki, dövlət başçımız möhtərəm cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, həssas təbəqədən olan uşaqlara, insanlara böyük diqqət və qayğısı var. Biz də bu diqqət və qayğıya dəstək olaraq əlimizdən gələni əsirgəmirik.
- Bu gün məktəbəqədər təhsil ölkəmizdə çox da diqqət ayrılmayan sahədir, siz bu haqda nə düşünürsünüz? Həmçinin bağçanızın satışa çıxarılması ilə bağlı son yenilikləri öyrənmək istərdik.
- Mən qərar verdim ki, əgər bağça fəaliyyət göstərməyəcəksə, onun lisenziyasına da ehtiyac yoxdur. Bağçanın satışı dedikdə insanlar əsasən bina olaraq hansısa ərazinin satılmasını nəzərdə tuturdular, lakin satışa çıxarılan bağçanın lisenziyasıdır. Çox təəssüf ki, indi bir çox məktəbəqədər təhsil müəssisələri lisenziyasız fəaliyyət göstərir. Buradan üzümü məktəbəqədər təhsil sahəsində işləyən və lisenziyasız fəaliyyət göstərən bütün təhsil müəssələrinin rəhbərlərinə tutub demək istərdim ki, lisenziyanın alınması mütləqdir və valideynlər də övladlarını məktəbəqədər təhsil müəssisələrinə yazdırmaqdan öncə bunu mütləq tələb etməlidirlər.
Biz hüquqi dövlətdə yaşayırıq və bütün qanunlara riayət etməliyik. Təbii ki, müəyyən neqativ hallar baş verərkən insanlar hansısa orqanlara müraciət etdikdə problem hüquqi yolla həllini tapır. Lakin təəssüf ki, qeyri-leqal fəaliyyət göstərən müəssisələrdə bu və ya digər şəkildə tələblər qoymaq çətindir. Düşünürəm ki, məktəbəqədər təhsil olduqca vacibdkir və ümumiyyətlə, insanın bir vətəndaş kimi formalaşmasında fundamental təhsil hesab olunur. Yadımdadır, bizim məktəb illərində bir az zəif oxuyan uşaqlara deyirdilər ki, getsin bağça müəllimi olsun. Əslində bu tamamilə yanlış məntiqdir. Biz bağçada fundament yaradırıqsa, orada işləyən hər bir kəs mütəxəssis, olduqca savadlı və istedadlı olmalıdır. Çünki onlar gələcəyin bünövrəsini və təməlini qoyurlar. Hesab edirəm ki, gələcəyin təməli düzgün qoyularsa və uşaqlar düzgün istiqamətlənərlərsə, onların növbəti təhsil pillələrində uğurları da bir o qədər davamlı olar.
- Uzun illərdir ictimaiyyətdə uşaqpulunun verilməsi kimi fikirlər səslənir, siz necə düşünürsünüz, buna ehtiyac varmı?
- Bu gün uşaqpulu anlayışına insanlar tərəfindən düzgün yanaşılmır. Ölkəmizdə hazırda müxtəlif kateqoriyalarda uşaqlara aylıq və birdəfəlik müavinət ödənilir. Uşaqlı ailələrə 13 fərqli növdə aylıq, 5 növdə isə birdəfəlik müavinətlər verilir. 2024-cü ilin əvvəlində Azərbaycanda sosial müavinət alan uşaqların sayı 442016 olub. Hesab edin ki, bu elə uşaqpuludur. Çünki uşağı olmayan ailələrə belə müavinətlər verilmir. Bu kimi mövzular çox danışılır, zamanı gələrsə, dövlət büdcəsindən uşaqlara daha çox pul ayrılar.
Amma bu gün uşaqlı ailələrə dövlət tərəfindən müavinətlər verilirsə, hesab edirəm ki, bu mövzunu çox da şişirtməyə dəyməz. Biz 30 il ərzində müharibə şəraitində yaşamış, çətin günlərdən keçib gəlmişik. Öz uşaqlığımız gözümüzün qarşısına gələndə düşünürəm ki, bu günün uşaqları, yeniyetmələri, gəncləri hər gününə şükür etməlidir. Çünki biz çox ağrılı-acılı günlər keçirdik, bütün proseslərə şahidlik etdik. Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan inkişafa doğru irəlilədi və bu inkişaf indi də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hesab edirəm ki, hazırda Azərbaycanı uzun əsrlik müstəqillik tarixi olan Avropa ölkələri ilə müqayisə etmək düzgün deyil. Biz çox qısa zaman kəsiyində ciddi uğurlara nail olmuşuq, amma Azərbaycan dünyanın bir çox ölkələrindən daha çox inkişaf edib, avropalılar Azərbaycana gələndə Bakının gözəlliyini, əsrarəngizliyini görüb heyrətə gəlirlər, onun gözəlliyindən danışırlar və düşünürəm ki, bir çox sosial məsələlərin həlli üçün zamana ehtiyacımız var, zamanı qabaqlamaq doğru deyil.
- Siz həm də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinə üzvsünüz. Ölkəmizdə bu ildən etibarən qohum evliliyinə rəsmi şəkildə qadağa qoyulacaq, eyni zamanda erkən nikahlarla bağlı güzəştlər də götürüləcək. Erkən nikahla bağlı məsələ İnzibati Xətalar Məcəlləsinə də əlavə edilib və qanunu pozanlar cərimələnəcək. Amma qohum evliliyi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməyib. Bu o deməkdir ki, rəsmi şəkildə qohum evliliyi ləğv olunsa da, qohumlar arasında dini və vətəndaş nikahı asanlıqla baş tuta bilər, bu da sözügedən qanunun praktikada reallaşması məsələsini çətinləşdirəcək. Siz hansı çıxış yolları görürsünüz?
- Bu gün ən çox əziyyət çəkən qadınlar vətəndaş nikahı ilə ailə həyatı qurub, uşaq dünyaya gətirənlər və daha sonra aliment ala bilməyənlərdir. Biz hüquqi dövlətdə yaşayırıq, xüsusi ilə rayonlarda yaşayan qadınlar bu məsələyə diqqət etməlidirlər. Nikah anlayışı, hər iki şəxsin razılaşdırılmış qaydada, hüquqi formada ailələrinin rəsmiləşdirilməsidir. Vətəndaş nikahının bir çox fəsadları var. Bu gün münasibətlər pozulanda tərəflər rahat şəkildə, heç bir asılılığı olmadığını düşünərək, üzünü çevirib gedir və ortada əziyyət çəkən körpələr olur. Bu və buna bənzər məsələlərə qanuni yanaşmaq ən doğru yoldur.
Qohum evliliklərinin və erkən nikahların qarşısının alınması üçün çox yerində və düzgün qəbul edilmiş qanun layihəsidir. Çünki qohum evlilikləri səbəbindən anadangəlmə sağlamlığında problem olan uşaqlar dünyaya gəlir. Əslində valideynlər bunun fərqlində olmalıdır. Bu gün əlil uşağın valideynləri sağ olsa da, gələcəkdə onun qayğısına qalacaq birilərinin həyatda olmaması çox ciddi problemlər yaradır. Bu kimi məsələləri nəzərə alsaq, qohum evliliyinin qadağan edilməsi çox müsbət haldır. Qaldı ki, bu kimi tendensiyaların praktikada həyata keçməsinin qarşısının alınmasına, burada qarşımızda duran əsas məqsəd maarifləndirmə işinin daha da güclü aparılmasıdır. Bu gün televiziya kanallarımızda ciddi boşluqlar var. Bayağı verilişlər maarifləndirici verilişlərlə əvəz edilməlidir. Media vasitəsi ilə davamlı olaraq qohum evliliyi və erkən nikahların mənfi tərəfləri təbliğ olunarsa, qısa zamanda məsələ öz həllini tapacaq.
- Azərbaycan ailəsinin düzgün formalaşması və qorunması üçün qanunvericilikdən əlavə hansı addımlar atılmalıdır?
- Hər bir xalqın özünəməxsus mental dəyərləri var. Bu gün Azərbaycan xalqı bütün dünyada ailə institutunun dəyərləri ilə seçilən ölkələrdəndir. Azərbaycanda ailə insititutunun möhkəmləndirilməsi üçün həm hüquqi aktları, həm də bu işdə hər birimiz üzərinə düşən öhdəlikləri yerinə yetirməliyik. Bunu istər media, istərsə də məktəblərdə həyata keçirməliyik. Bu gün ən xırda məsələlərə görə üzünü məhkəmələrə tutub boşanmaq istəyənlərin sayı dayanmadan artmaqdadır. Əslində məsələnin kökünə getdikdə çox ciddi problemlərin olmadığını da görürsən. Bu gün əsasən evliliyə məcbur edilən ailələr dağılır. Bu səbəbdən cütlüklərin bir-birini tanıması üçün onlara müəyyən bir zaman verilməlidir.
- Müasir dövrdə ənənəvi ailə institutunun qorunub saxlanılması nə dərəcə düzgün hesab edirsiniz? Sizcə, bu sahədə stereotipləşən düşüncələr artıq dəyişməməlidir? Məsələn, biz eyni zamanda həm ənənəvi ailə institutunun, həm də qadın azadlığını necə müdafiə edə bilərik?
- Ailə institutunun qorunub saxlanılması tək qadınların üzərinə düşən məsuliyyət deyil, burada hər iki tərəfin üzərinə böyük yük düşür. Ailələrin qorunması hər iki tərəfdən aslıdır. İstər qadın, istərsə də kişi üzərinə düşən vəzifənin fərqində olmalı və ailənin qorunması üçün hər iki tərəf çalışmalıdır. Biz konkret deyə bilmirik ki, ailələr daha çox qadınlar ya kişilərə görə dağılır, bu, sadəcə daxildə olan proseslərdir və onun qorunması üçün ailə institutunun önəmini bilmək lazımdır. Ailə qurulmur ki, bir müddətdən sonra dağılsın, ailə ona görə qurulur ki, bir ömür boyu həyat sürülsün və uşaqlar ana-ata ilə birlikdə böyüsünlər. Müəyyən səbəblər olur ki, orada nə kişi, nə də qadın tərəfini qınamaq olar. Bu səbəblərin qarşısı hələ evlənməmişdən əvvəl alınmalıdır. Azərbaycanda ailələr qurulmazdan əvvəl müəyyən tibbi müayinələrdən keçirlər, eyni zamanda narkoloji, psixoloji testlərdən də keçməlidirlər.
- Qanunvericiliyə əsasən, ölkədə qadın və kişilərin hüquqları eyni səviyyədə qorunur. Bəs praktikada necə, qadınlara da kişilərlə eyni imkanlar yaradılırmı? Məsələn, bu gün Azərbaycan xanımları siyasi məsələlərdə nə qədər aktivdir?
- Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmizdə qadınlara göstərilən diqqət daha da artırıldı, eyni zamanda bu siyasət müasir dövrdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizim ölkə başçımızın xanımlara göstərdiyi diqqət və qayğı göz önündədir. Hər birimizə örnək Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın, eyni zamanda Milli Məclisin spikeri Sahibə xanım Qafarovanın olması qürur hissi yaşadır. Bütün bunlarla yanaşı, istər icra, istərsə də məhkəmə və digər sahələrdə qadınların aktivliyi gözlə görünən qədərdir. Azərbaycan qadını bütün dünyada öz zəhmətkeşliyi, cəfakeşliyi, qayğıkeşliyi və mərdliyi ilə hər zaman seçilib və illər keçsə də, həmişə belə olacaq. Zamanla qadınlarımızın müxtəlif sahələrdə, o cümlədən siyasətdə də aktivliyi daha da artacaq.
- Sizi tez-tez seçicilərinizlə görüşlərdə görürük. Seçildiyiniz dairənin vətəndaşları ən çox nədən narazılıq edir və onların problemlərinin həlli istiqamətində hansı addımları atırsınız?
- İnanın səmimiyyətimə, bir çox hallarda görüşə gedəndə seçicilərimiz sadəcə ürəklərini açmağa, söhbət etməyə, fikir mübadiləsi aparmağa gəlir. Təbii ki, müəyyən təklif və məqamlar da var ki, bu, seçicilərimizin əsasən fərdi problemləridir və məsələ asanlıqla həll yolunu tapa bilər, sadəcə vətəndaş nə edəcəyini, hara müraciət etməli olduğunu bilmir. Bizim görüşlərimizin mütləq əksəriyyəti maarifləndirmək məqsədi daşıyır və düşünürəm ki, əsasən də bölgələrdə buna çox ehtiyac var. Görüşlərimizdə hiss edilən odur ki, insanlar arasında dövlətə çox böyük sevgi və sayğı var. Hər bir müraciət edən vətəndaşın əsas problemi şikayətin düzgün quruma edilməməsi ilə bağlıdır. Seçildiyim dairə üzrə deyə bilərəm ki, ciddi problemlər yoxdur, əsasən fərdi məsələlərdir və onlar da zaman-zaman həllini tapır. Sadəcə, bəzi kəndlərdə qazın olmaması problemi var, məsələnin həlli istiqamətində büdcə müzakirəsində bunu səsləndirdim. Məsələn, Neftçala rayonunun Bala Surra kəndi, Şorkənd kəndi və Salyan rayonunun Ərəbqardaşbəyli kəndi belə probleçlər yaşayır və inanıram ki, növbəti illərdə qazın çəkilişi də təmin ediləcək, bu problem də həllini tapacaq.
- Müstəqilliyin ilk illərində müxalif partiya kimi yaradılan Ana Vətən Partiyasının sədri, atanız Fazil Ağamalı son illərdəki çıxışlarında bildirir ki, bu təşkilat hökumətyönümlüdür. Siz partiyanızı harada, necə, hansı mövqedə görürsünüz?
- Biz dövlət başçımız, cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyən və hər zaman onun yanında olan partiyayıq və bu, hər zaman da belə olacaq.
- Mediada qısa müddət əvvəl “Aqrarkredit” şirkətinin sizi, atanız Fəzail Ağamalını və qardaşınız Elçin Ağamalını məhkəməyə verdiyi haqqında xəbərlər dərc olunmuşdu. Məhkəmədə sizin də adınızın hallanma səbəbi nə idi?
- Bu, ümumiyyətlə mənə aid olmayan məsələ idi, ancaq nədənsə orada mənim də adım hallanırdı. Mən bunu mediada mövzu qıtlığının olması ilə əlaqələndirirəm. Burada şişirdiləcək məsələ yox idi, sadəcə, Fəzail Ağamalıdan sonra Günay Ağamalının deputat seçilməsi kimi başlıqlarla xəbərlər də dərc olunurdu. Ümumən, bu məsələni mətbuatda şişirdənlərə belə bir sual vermək istərdim: kiminsə kredit götürməsi qəbahətdirmi?
- Fərqli dövlət qurumları ilə davamlı təmasda olursunuz. Hansı qurumun fəaliyyətindən daha çox razı qalmısınız?
- Biz vətəndaşlarla işlədiyimizə görə, sosial yönümlü məsələlər üzərində daha çox dayanırıq və bu baxımdan bizə verilən cavablardan görürəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanladığımız hər bir məsələyə çox həssas münasibət göstərir və obyektivliyini qoruyur. Beləliklə, məsələlərin mütləq əksəriyyəti öz həllini tapır. Hesab edirəm ki, nazirliyin bu cür fəaliyyəti çox qənaətbəxşdir və mən bu nazirliyin fəaliyyətini digərlərinə nisbətən daha yüksək qiymətləndirirəm.
- Fəzail Ağamalı qızını siyasətçi kimi görürdü və oldu da. Bəs siz övladlarınızın gələcəkdə deputat olmasını, siyasi fəaliyyətlə məşğul olmasını istəyirsinizmi?
- Mənim üç övladım var. Böyük qızım Nigar artıq universitet tələbəsidir, üçüncü kursda oxuyur, ikinci qızım Leyla hazırda universitetə hazırlaşır, kiçik oğlum Ruslan isə 10-cu sinifdə oxuyur.
Tam səmimi deyərdim ki, mən övladlarımın peşə seçimində onlara müdaxilə etməmişəm. Çünki peşə seçimi uşaqların bir ömür yol yoldaşıdır və insan sevdiyi peşə ilə məşğul olmalıdır. Hər gün işə sevə-sevə getməlidir, özünü buna məcbur etməməlidir. Övladlarımın heç biri siyasət haqda düşünmürlər və peşə yönümləri də tamamilə başqa istiqamətdədir. Yenə də gələcəkdə nə baş verəcəyini öncədən demək çətindir.
- Günay xanım, uzun müddətdir ictimai həyatda aktivsiniz və göz önündə olmusunuz. Bu baxımdan xarici görünüşünüzdə tez-tez dəyişikliklər görürük. Zamana meydan oxuyursunuz, sirriniz nədir?
- Bu, əsasən genetika ilə bağlıdır. Zaman-zaman dəyişdiyimə mən də qatılıram. Hesab edirəm ki, sağlam qalmaq üçün mütləq çəki atmaq məsələsinə diqqət etmək lazımdır.