Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Gəncə və Yevlax Regional Miqrasiya İdarələri, eləcə də Yevlax Müvəqqəti Yerləşdirmə Mərkəzinin işi ilə tanış olmaq üçün bölgəyə səfər edib.
Bu haqda Şura üzvü, QHT Sədri, telejurnalist Günel Gözəlova məlumat verib.
“Gəncə, Goranboy, Göygöl, Daşkəsən, Kəlbəcər, Gədəbəy, Şəmkir, Samux, Tovuz, Ağstafa, Qazax rayonlarını əhatə edən Gəncə Regional Miqrasiya İdarəsi 2015-ci ildən miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində aktiv fəaliyyət göstərir. İctimai Şura üzvləri ilə idarə, struktur heyəti və iş prinsipləri ilə yaxından və yerindəcə tanış olduq. İdarə rəisi Orxan Xıdırov bildirdi ki, ən çox qarşılaşdıqları problem əmək fəaliyyəti ilə qanunsuz məşğul olanlardır. Bundan başqa region üzrə qanunla müəyyən edilmiş vaxtdan artıq ölkəmizdə qalan əcnəbilər daha çox aşkar olunur və yerindəcə barəsində müvafiq inzibati tədbirlər görülür”- deyə Günel Gözəlova qeyd edib.
Daha sonra onlar İdarə rəisinin də iştirakı ilə Gəncədə fəaliyyət göstərən Asan 1 və Asan 2 Xidmət Mərkəzlərində Miqrasiya Məntəqələrinin iş fəaliyyətinə nəzarət ediblər.
Şura üzvləri Yevlax, Ağdaş, Mingəçevir, Zərdab, Ucar, Ağcəbədi, Bərdə, Tərtər, Ağdam, Xankəndi, Xocavənd, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan üzrə xidmət göstərən Yevlax Regional Miqrasiya İdarəsi və Müvəqqəti Yerləşdirmə ilə də tanış olublar.
“Səfər zamanı İdarənin rəisi Vüsal Xəlilov miqrantların problemlərinin həlli istiqamətində hər gün onlarla sənədin qəbul olunduğunu və aidiyyəti üzrə inzibati prosesin icra edildiyini söylədi. O bildirdi ki, icraatlar xüsusən olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşama, vətəndaşlığın bərpası, vətəndaşlığa qəbulla bağlı olur.
İkimərtəbəli binadan ibarət idarədə miqrantların bütün müraciətləri üçün yaradılan şərait diqqətimi çəkdi”- deyə QHT sədri əlavə edib.
Günel Gözəlova eyni zamanda qanunvericiliyə zidd davaranan, yəni Azərbaycana hüquqi bağlılığı olmayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, qeydiyyat müddətindən artıq yaşayan miqrantların Müvəqqəti Yerləşdirmə Mərkəzində də onlara ən az Azərbaycan vətəndaşı qədər rahat hiss etmələri üçün mükəmməl şərait yaradıldığını müşahidə etdiyini deyib.