AZ

“Ermənilər demişdilər ki, Xocalıdan bircə nəfər də sağ çıxmamalıdır” - MÜSAHİBƏ

Xocalı soyqırımının 33-cü ildönümü ərəfəsində rayonun keçmiş icra başçısı, hazırda Milli Məclisin Ağdam-Xocalı seçki dairəsi üzrə deputatı Elman Məmmədov Modern.az saytına geniş müsahibə verib. O, 33 il öncə erməni faşistlərinin 25-26 fevral tarixlərində törətdiyi vəhşilikdən danışıb.


- Elman müəllim, Xocalı deyəndə ağlımıza soyqırımı və faciə gəlir. Siz 33 il əvvəlki Xocalını necə xatırlayırsınız?
 

 - Xocalı bəylərbəyi mənim atamın babası Səfiyar bəy olub. Səfiyar bəyin  axırıncı yurdda qalan oğlu Müseyib kişi Xocalı soyqırımında həlak olub. Çingiz Mustafayevin çəkdiyi kadrlarda böyrü üstə söykənmiş halda meyiti olan kişi odur. Xocalının tarixi köhnə vaxtlarda da, Sovet dönəmində də qanlı-qadalı olub. Xocalı elə mövqeydə yerləşirdi ki, biz az əhali ilə 4 ay mühasirədə qaldığımız dövrdə 60 min əhalisi olan Xankəndinin yolunu bağladıq. Xankəndidən Əsgərana 15 kilometr məsafə var idi. Şah Qacar o dövrdə Şuşanı işğal etməyə gələndə düşərgəni Xocalıda salmışdı. Birinci döyüşlər Xocalıda olmuşdu. Əsgəran qalasını Pənahəli xan niyə tikdirdi? Əsgəran qalası Xocalıdan 5 kilometr aralıda idi. Xocalı çox strateji mövqedə yerləşir. Ona görə də, mənim 1992-ci ilin fevralın 10-da Baş Qərargah rəisi Dadaş Rzayevə Xocalının strateji yerdə yerləşməsi ilə bağlı dediyim fikir var. O fikirdən sonra Ulu öndərimiz hakimiyyətə gələndə, Xocalı soyqırımının birinci ildönümündə tapşırıq verdi ki, istintaq yenidən başlanılsın. Məhkəmə keçirildi, həmin məhkəmədə mən, Dadaş Rzayevi, Arif Salahov da vardı. Hərbi xəritəni də gətizdirdim. Mən Dadaş Rzayevə demişdim ki, Azərbaycan ordusu ləngimədən Ağdamdakı qüvvələrlə Əsgəranı geri alıb Xocalıda yerləşsə, Şuşa və Xankəndi aramızda qalacaq, düşmən təslim olacaq. Azərbaycan qüvvələri bunu etməsə, ermənilər bizdən qabaq hərəkətə keçib Xocalını işğal etsələr, müharibəni uduzacağıq.
Mən bu çıxışımı 1996-cı ilin fevralın 26-da Ulu öndərimizin qarşısında da xatırlatdım. 1 saat 5 dəqiqə danışdım. Erməni jurnalist Məlik Levon Şahnazaryan öz qəzetində mənə 1 səhifə cavab yazmışdı. Həmin yazısında mənim dediklərimi təsdiq etmişdi.

Xocalı deyəndə zəhmətkeş insanlar, ağsaqqallar, ağbirçəklər, yəni mərdlik ağlımıza gəlir. Mənə bu illər ərzində sual verirdilər ki, “Elman müəllim, 4 ay mühasirədə qalmışdınız, niyə çıxıb gəlmirdiniz?”. Buni son bir-iki ildə tərgidiblər, daha belə sual vermirlər. Ən nifrət etdiyim sualdır. Mən bu suala  belə cavab verirdim ki, “deməli vətəndaşlıq budur ki, əmin-amanlıq zamanında  boya-başa çatdığın torpağın naz-nemətindən eninə-boluna istifadə edib kef çəkəsən, torpağı üstünü qara buludlar, təhlükə alanda da qoyub qaçasan?” Budurmuvətəndaşlıq, vətənpərvərlik? Biz bilirdik ki, hər an hər şey ola bilər. Amma qərar vermişdik ki, son nəfəsimizə qədər vuruşacağıq. Biz arxayın idik, deyirdik ki, arxamızda 8 milyonluq Azərbaycan xalqı durur, düşmənin qarşısında bizi tək qoymazlar. Həmin Azərbaycanla bizim aramızda-Ağdamdan Xocalıya cəmi 16 kilometr məsafə vardı. Bu 16 kilometr arasında o vaxtkı əhalisi 2000 nəfərdən ibarət olan Əsgəran vardı. 8 milyonluq Azərbaycan 2000 nəfərlik Əsgəranı keçə bilmədi. Keçmək istəmədi. Çünki rəhbər yox idi.  Xalq həmin xalqdır, igid oğlanlar həmin oğlanlardır. Xalqı idarə etmək, sərkərdə olmaq başqa şeydir. Dövlət başçısı, Baş nazir postunda oturmaq olar. Amma xalqın həqiqi rəhbəri olmaq, lider və sərkərdə olmaq, xalqı səfərbər edib vətəni qorutmaq hamıya nəsib olmur. Bu, bir Heydər Əliyevə, bir də İlham Əliyevə nəsib oldu. Kamran Bağırovdan başlamış bütün prezidentlər dövründə müxtəlif vəzifələrdə işləmişəm. Bunların hamısı ilə görüşlərdə, danışıqlarda olmuşam. Bir bacarıqlısını, cəsarətlisini görmədim. Bacarığı, cəsarəti Heydər Əliyevin, İlham Əliyevin timsalında gördüm. İlham Əliyev ayaqlar altına salınmış ləyaqətimizi, şərəfimizi, namusumuzu, qeyrətimizi özümüzə qaytardı. Xalqı qalib xalqa, dövləti qalib dövlətə çevirdi. Bax budur rəhbər, sərkərdə!
 

- Xocalıda çox çətin günlər yaşamağınıza baxmayaraq, soyqırımı günün AzTV-də 2 nəfərin öldüyü, 1 nəfər yaralandığı haqda, 27 fevralda isə “Xocalını almışıq” kimi xəbərlər verildi. Siz Ağdama gedəndə bunu təkzib edən fikirlər səsləndirdinizmi? Bunu gizlətməyin məqsədi nə idi?
 

- 1991-ci ilin noyabrın 1-dən 1992-ci il fevralın 26-na qədər Xocalı mühasirədə qaldı. Bizim Azərbaycanla Ağdam və Şuşa ilə əlaqəmiz vertolyotlarla idi. Hərdənbir maddi maraqlar naminə oradakı rus hərbçilərini ələ alırdıq, hərbi kolonlar düzəldilirdi. Ərzaq, yanacaq gətirmək, ya da yaralılarımızı Ağdama keçirmək üçün istifadə olunurdu. Bu da 10-15 gündən, 1 həftədən bir olurdu. Vertoloyotlar da hava şəraiti ilə əlaqədar həmişə uça bilmirdi. Sonuncu vertolyot 1992-ci ilin 28 yanvar tarixində Ağdamdan Şuşaya uçarkən Xankəndidə vuruldu. Bununla da vertolyotların uçuşu da dayandırıldı. Bundan sonra mən Gəncənin hərbi aeroportundan 2 dəfəyə üç-üç olmaqla 6 vertolyot gətirə bildim. Bununla da xeyli əhalimizi Xocalıdan çıxara bildim. Əli silah tutmayanları, yaşlıları, qadınları, xəstələri oradan çıxarmaq istəyirdik ki, döyüşçülərin fikri evdəki anasının, atasının yanında qalmasın. Bilsin ki, onlar təhlükəsiz yerdədirlər. Bütün xocalılar, müəllimlər, uşaqlar,ağsaqqallar adından Bakıya vaxtaşırı müraciətlər göndərilirdi. Müraciətlərin hamısı qalır. Gizlətmişdilər. Heydər Əliyev hakimiyyətə gələndə tapşırıq verdi, hamısı üzə çıxdı. Mənim vurduğum teleqramların hamısını gizlətmişdilər. Mən bütün Azərbaycan rəhbərliyi ilə görüşürdüm, yalvarırdım, xahiş edirdim ki, hə an bizə hücum edə bilərlər, bu olsa, biz tab gətirə bilməyəcəyik. Mülki camaatı oradan çıxarmaq lazımdı. Mən deputat olanda rəhbərlikdən xahiş etdim və Milli Məclisin arxivindən iclasların stenoqramlarının bir neçəsini tapıb çıxardım. Həmin çıxışlarımda deyirdim ki, siz burada nə işlə məşğulsunuz? Siz hakimiyyət uğrunda dava salırsınız. Millət qırılacaq, biz fəlakət qarşısındayıq.
İqtidar hakimiyyətini qorumaq, müxalifət isə iqtidar olmaq üçün gedən müharibədən bir-birilərinə qarşı istifadə edirdi. Biz bunun qurbanı olduq. Ermənilər bundan istifadə etdilər.

O dövrdə bizim iqtidar-müxalifət boğuşması həmin məqamı düşmənə verdi.  Başda Moskva olmaqla düşmən fürsətdən istifadə edib Xocalı soyqırımını törətdi. Fevralın ya 24-ü, ya da 25-i idi. Mənə məlumat verdilər ki, Ağdama gedən arvad-uşaq radiodan eşidib ki, Xocalıya hücum edilib və cəmi 2 nəfər şəhid olub.  Fevralın 24-ü yüngül atışma olmuşdu, amma 25-i axşama qədər bir dənə də güllə atmadı ermənilər. Demək hazırlaşırmışlar. Fevralın 24-ü səhər-səhər mənə o vaxtkı Azərbaycanın rəhbərlərindən biri Ağdamdan zəng etdi ki, qardaş gəlmişəm, Ağdamdayam səhər çayımızı Xocalıda içəcəyik. Biz də sevindik. Biri dedi cöngə qurban kəsəcəm, biri dedi qoç qurban kəsəcəm. 25-i səhər açıldı, Ağdamdan hücum filan olmadı. Bizim Ağdamdan olan adamlardan, rəhmətlik prokurorumuz Atakişi Atakişiyev və fabrik direktoru Yavər Əzimov mənə zəng etdilər ağlaya-ağlaya, dedilər ki, başınıza çarə qılın, heç bir kömək gəlməyəcək, Ağdamda bunlar bir-birilərini qırırlar. Komandirlərə tapşırıq verdim ki, hamı hazırlıqlı şəkildə səngərlərə keçsin. Xocalının müdafiəçiləri kimlər idi? 8 milyonluq Azərbaycandan Xocalıya köməyə 1991-ci ilin fevralın 23-24-də 21 nəfər könüllü gəlmişdi. Milli Qəhrəmanımız Aqil Quliyevin rəhbərliyi ilə. Onları heç kəs göndərməmişdi. Onların da 12 nəfəri axırıncı döyüşlərdə igidliklə, qəhrəmanlıqla şəhid oldular.  Kim idi Xocalını müdafiə edənlər - 817 saylı Xocalı özünümüdafiə taboru. 250 nəfərə qədər döyüşçü vardı ki, onların da 200 nəfərə qədəri silahlı idi.

Xocalıda bir nəfər də olsun hərbi təhsili olan adam yox idi. Batalyonumuzun komandiri kim idi, Xocalı orta məktəbində ibtidai sinif müəllimi işləyən Tofiq Hüseynov. Onun özü də, atası da, anası da, qardaşı da, həyat yoldaşı da şəhid oldu. Hərbçi yox idi. Özümüz özümüzü müdafiə edirdik.  Bütün müdafiəyə də kim cavabdeh idi - mən. Mən də hərbçi deyiləm, mülki şəxsəm. Digər qüvvələr 50 nəfər Xocalı polisi, aeroportun komendantı Əlif Hacıyevin 25 nəfəri, 21 nəfər də Aqil Quliyevin dəstəsi. Ən ağır silahlarımız 4 dənə pulemyot, iki dənə də əl qumbaraatanı idi. Qalan hamsıı avtomat, tapança, ov silahıydı.  Bunlarla müdafiə olunmaq olardı 366-cı motoatıcı alayın qarşısında? Motoatıcı alayın normal şəraitdə 5000 nəfərə qədə döyüşçüsü olur.  Nə qədər tankı, topu hər şeyi olur. Üstəgəl Xankəndidəki qondarma “DQR”in 60 minlik ordusu. Xocalı ətrafında 20-yə yaxın erməni kəndinin hər birinin özünün  quldur dəstəsi, üstəgəl xaricdə uzun illər fəaliyyət göstərən “Arabo”, “Asala” kimi erməni terror qruplaşmalarının dəstələri. Bu dəstələrin qarşısında əlbəttə tab gətirmək mümkün deyildi. 2 saat dözə bildik. Artıq şəhərdə qırğın gedir, hər yer od tutub yanırdı. Bax bunu biz yaşadıq, gördük. Mən 10 nəfər döyüşçü ilə mühasirədə qaldım. Xocalı döyüşçüləri olmasaydı, bir nəfər şəhərdən sağ çıxa bilməzdi. Ermənilər məqsəd qoymuşdular ki, bir nəfər Xocalıdan sağ çıxmamalıdır.

Əsgəran qalasından keçəndə Qaraqaya ərazisi var. Bura Ağdamla Əsgəranın arasındadır. Ağdamda Azərbaycan tərəfinin, Əsgəranda erməni tərəfinin səngərləriydi. Biz erməni səngərlərini vurub dağıdıb yol açmalıyıq ki, əhali neytral zonadan keçib Ağdama keçə bilsin. Ora da dağlıq yerdi, yəni dərə-təpədir. 10 nəfərin 5-i yaralandı. Cəmi 4 avtomatımız vardı. 27-si səhər gizlin yolla gəlib çıxa bildik. O zaman rəhmətlik Yaqub Rzayevin baçılıq etdiyi 19-cu post vardı. Yaqub Rzayevin dəstəsi Qarqar çayının qırağında bizi qarşıladı. “Səhər” qəzeti çıxırdı. 27 fevralda Şamil Sabiroğlu mənim ölüm xəbərimi yazıb. Yazıb ki, Elman Məmmədov ermənilərlə atışmada qəhrəmanlıqla şəhid olub. Anam şəhid olmuşdu. Onun meyitini 20 gün sonra martın 19-da meşədən gətirib dəfn edə bildik. Anamla xalam oğlunun məzarları Şəhidlər Xiyabanındadır.
22 yaşlı xalam oğlu İqbal təpənin üstündə avtomatını nizamlayırdı. Ona dedim ki, atəş açma, snayper var, vurur. O qışqırdı ki, Elman arxadan çatırlar. BTR-in üstündən 10-12 erməni avtomatlısı töküldü. Erfmənilər çarpaz atəş açırdılar. Əhali keçən yer çarpaz atəş altındaydı. İqbal atəş açanda onda gördüm bircə dəfə qışqırdı ki, “ay Elman”. Çöndüm ki, güllə sinəsindən girib kürəyindən çıxıb. Atası Qulu dayı da ordan bir az uzaqda öldürüldü. Qayınatamgilin bütün ailəsini qırdılar.  Yəni Xocalıda ikinci elə ailə yoxdur. Qayınatam, qayınanam, iki qaynım, bir baldızım, iki baldızımın ərləri, 4 körpə uşaqları hamısı orada öldürüldü. Biz bu müsibətləri yaşadıq. Amma qurban olum Allaha orada öldürülən günahsız insanların qanı yerdə qalmadı. Azərbaycanın igid oğlanları qanımızı, qisasımızı aldı. Qisas qiyamətə qalmadı. Allah ordumuzu, xalqımızı qorusun. Ordumuza, xalqımıza rəhbərlik edən Prezidentimizi, Ali Baş Komandanımızı qorusun!
 

- Həmin dövrdə siz icra başçısı olmusunuz. Xocalıda ermənilər yaşayıbmı? Qarabağ erməniləri də terrorçularla bir yerdə sizə qarşı vuruşubmu?
 

- Xocalının 3 kilometrliyində Həsənabad kəndi vardı. Qədim bir kənddir. Orada 35 ailə yaşayırdı. Ondan 22-si azərbaycanlı, 13-ü ermənilər idi.  Ermənilər Xocalının Qaradərəsi ərazisində 1967-ci ilə qədər yaşamışdılar. 1967-ci ildə belə bir hadisə oldu: Xocavənd sakini olan azərbaycanlını erməni uşağının başını kəsib öldürməkdə şərlədilər.  Onlardan birinin adı Ərşad idi, digərlərinin adlarını xatırlamıram. Ərşad müəllim məktəb direktoru idi, onları tutdular. O vaxt biz 10-cu sinif şagirdi kimi buraxılış imtahanı verirdik. Biz Xankəndidə oxuyurduq.  Ermənilər istəyirdilər ki, biz bezib çıxaq gedək.  O vaxt mən oxuduğum məktəb belə adlanırdı: Nizami Gəncəvi adına Stepanakert şəhər 4 nömrəli beynəlmiləl orta məktəbi. Məktəbim direktoru milliyətçə yunan idi. Onun rus və Azərbaycan bölməsindən olan iki müavini vardı.  Biz imtahan verəndə görün məhkəmə harada oldu? Xankəndinin yuxarısında parkın içərisində 366-cı motoatıcı alayın yerləşdiyi yerin divarının altında. Bir tərəfdə Milis İdarəsidir, onun 20 metrliyində Prokurorluqdur. Bundan bir az aralıda da “KQB”dir.  Bu üçünün böyründə məhkəmə keçirilir. Məhkəmə hökmünü verdikdən sonra 2 nəfəri  penitensiar xidmətin maşınına mindirmək üçün çölə çıxaranda ermənilər onları “konvoy”un əlindən aldılar və başlarını daşla əzib üstünə benzin tökərək yandırdılar.  Həmin hadisədən sonra Xocalıda - Qaladərəsində yaşayan 15-20 erməni ailəsi rədd olub çıxıb getdi. O hadisələrin istintaqını o vaxt Heydər Əliyev apardı. Heydər Əliyev onda Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində müavin idi. Heydər Əliyev gecə Şuşada qalır, gündüz ora gedib istintaq işlərini aparırdı. 83 erməni quldurunun hamısının məsələsini həll etdi. Hər biri həbs olundu. Bu epizod da sübut edir ki, ermənilər heç vaxt tarixin heç bir dönəmində dinc olmayıblar və heç bir dövründə bu iddialardan əl çəkməyiblər. Sovet hökuməti qurulandan bunlar Naxçıvanın və Dağlıq Qarabağın iddiasını ediblər. Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq kimə və nəyə lazım idi?  Sovet hökuməti bunu yaratdığı gündən minanı Azərbaycana basdrımışdı. Stalinin, Xruşovun, Brejnevin dövründə vaxtaşırı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün müraciət edirdilər. Qorbaçov kimi gorbagor, lənətullah hakimiyyətə gəldi. ABŞ və Fransa kimi dövlətlər onun boynuna qoydular, ermənilər separatçılıq fəaliyyətinə başladılar.
 

- Girovların azad edilməsi prosesi necə olurdu?
 

- Yenə dövlətçiliyə qayıdacam. 1000 nəfərdən çox insanımız girovluqda qalmışdı. Əlində silah olanları tapan kimi öldürmüş, başısını kəsmiş, işgəncə vermişdilər. Ağır da olsa, bir epizodu diqqətinizə çatdırmaq istəyirəm. Anaya məcbur edirlər ki, gözünü yummasın və onun oğlunu gözünün qarşısında güllə ilə vurmurlar, yerə uzadıb başını xırta-xırt kəsirlər. Bunu ermənilərin qəbirlərinin üzərində edirlər. Sonra da ananı sağ buraxırlar ki, get və bunu danış. Uşaqlarının gözünün qarşısında ana-atasını məftillə dirəyə sarıyıb üzərinə benzin töküb yandırıblar. Uşaqları da məcbur ediblər ki, baxın. Uşaqları sağ-salamat buraxıblar gəlib olanları danışsınlar. Məqsəd əhalidə qorxu, xof, vahimə yaratmaq idi. Çox belə misal çəkə bilərəm. Bizim nə qədər insanımız girov olsa da, ozamankı hakimiyyət tərəfindən bir nəfər də azad edilmədi. 
Allah Allahverdi Bağırova rəhmət etsin. Onun iştirakı ilə girovlarımızın 90 faizi azad edildi. Deməli, Allahverdi Bağırov cani, qatil Vitali Balasanyan ilə əlaqə saxlayırdı, onlar oradan sifariş edib ad göndərirdilər ki, türmədə filan erməni var. Mən, yaxud prokurorumuz gəlirdik Bakıda rəhbərliyin yanına. O vaxt hakimiyyətə Ali Sovetin sədri Yaqub Məmmədov rəhbərlik edirdi. Sağ olsun, bir xahişimizi yerə salmadı. Kömək edirdi. O vaxt Baş prokuror Murad Babayev çox yaxşı adam idi. Buradakı türmədən bir və ya iki ermənini aparıb 50-60 nəfərimizi azad edə, dəyişə bilirdik.
Allahverdi Bağırova ömrümüz boyu dua edəcəyik. Əsirlikdə ölənlərimizin sayı çox oldu. 150 nəfərin aqibəti məlum olmadı.  Onun xeyli hissəsi elə Xocalının özündə öldürülmüşdü.  Kütləvi məzarlıqlar aşkarlanır. Qalıqları tapılanları Xocalıda qurduğumuz Şəhidlər Xiyabanında dəfn edirik.
 

- Meyitləri yığmaq üçün sizə icazə verildi? Meyitlər nə zaman yığıldı?
 

- Xocalıda olan meyitlər elə orada da qaldı. Ermənilər xatirələrini yazırlar. Zori Balayan kimi türk düşməni, murdar bir kitab yazdı. Xocalıda qalan meyitləri üst-üstə yığıb bir neçə yerdə torpağa basdırıblar.
Biz Ağdamla Əsgəran arasında olan ərazidəki meyitləri yığa bildik. Meyitlərin hər biri Ağdamdakı məscidə gətirilirdi. Orada yuyulub kəfənlənirdi. İlk Şəhidlər Xiyabanı Ağdamda salındı.  Orada təkcə Xocalı şəhidləri yox, o zaman Ağdamda şəhid olanların əksəriyyəti dəfn olunmuşdu. Ağdama qarşı təhlükə yarananda Ağdamla Bərdə arasında Uzundərə adlanan yerdə ikinci Şəhidlər Xiyabanı salındı.
 

- Xocalı işğaldan azad olunandan sonra Prezidentlə ora getdiniz. Faciə həmişə yadda qalacaq. Amma Xocalıda indiki ab-hava, mühit necədir?
 

- Mən Xocalıdan bir rəhbər, döyüşçü kimi məğlub çıxdım. Məğlub olmuş komandir necə olar? Yadınızdadırsa, işğal dövründə bir qrup hazırlandı və  Şuşaya, oradan da Xankəndiyə getdi. Mənim də adım siyahıda vardı. Amma mən getmədim. Rəhbərlikdən də xahiş etdim ki, adımı siyahıdan çıxarsınlar. Məndən səbəbini soruşduqda dedim ki, o qrupda daxil olanlar - Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli və başqaları gedə bilərlər. Amma mən gedə bilmərəm. Dedim ki, mən Serj Sarkisyanla döyüşmüşəm və məğlub olmuşam. Mən məğlub kimi gedib onun qabağında necə durum? Deyim nəyə gəlmişəm... Başlayacaq mənimlə zarafat etməyə, gülməyə. Məni elə orada infarkt vurar, ölərəm.
Nəhayət zaman yetişdi və mən qalib xalqın nümayəndəsi kimi qürurla Xocalıya getdim.  Söhbət tək Elman Məmmədovdan yox, bütün xocalılılardan gedir.  Söhbət heç tək xocalılılardan da getmir, yurd-yuvasından didərgin salınan bütün insanlardan gedir. Biz məğlub kimi çıxmışdıq, indi qalib kimi qayıdırıq. Qayıdışımız qürurlu, sevincli və ürəklidir. Düşmənin dizini yerə qoyduq, kürəyini yerə vurduq. Qanımızı döyüş meydanında aldıq. Torpaqlar danışıqlar yolu ilə qaytarılsaydı, mən heç bu qədər sevinib qürur duymazdım. O bir növ gözükölgəli bir şey olardı. Yeri gələndə erməniylə qarşılaşanda deyərdi ki,  yalvardınız, xahiş elədiniz, biz də qaytardıq. Amma biz döyüşdə qalib gəldik, erməninin qanını tökdük, qisasımızı aldıq. Bu gün də fəxrlə yaşayırıq ki, qalib dövlətin vətəndaşlarıyıq. Bundan gözəl nə ola bilər.
 

- Biz bu gün Xocalını dünyaya soyqırımı kimi tanıda bilmirik. Bunun siyasi səbəbləri  var. Amma dünyaya çıxara biləcəyimiz, turistlərin ziyarət edib görəcəyi muzeyimiz yoxdur. Belə bir muzeyin Bakıda və Xocalıda yaradılması ilə bağlı tapşırıq var. Amma orada işlərə başlanılıb-başlanılmadığı barədə dəqiq məlumatımız yoxdur. Digər yandan  beynəlxalq səviyyəyə çıxara biləcəyimiz bir film, kitab yoxdur.  Bunun səbəbini nədə görürsünüz?
 

- Bu illər ərzində Xocalı soyqırımının tanıdılması istiqamətində az iş görülməyib. Ulu öndərimiz hakimiyyətə gələn ilk gündən bu proses sürətli davam edib. Bəzi istintaq materiallarını, yüz min imza olan kitabı, şəxsən mənim iştirak etdiyim Haaqa Məhkəməsinin qarşısındakı piketdə təqdim etdmişik.
Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyası az iş görməyib. ABŞ kimi bir dövlətdə Nyu-York, Vaşinqton kimi şəhərlərdə metrolar, avtobuslar “Xocalıya Ədalət” kampaniyasının plaketləri ilə bəzədilib. Bu elə-belə bir şey deyil. ABŞ-nin 15-20 ştatında müəyyən səviyyədə Xocalı soyqırımına qiymət verilib, tanınıb. Bir çox beynəlxalq qurumlarda da həmçinin. Amma məsələ belədir ki, dünya ədalətsizliklə və haqsızlıqla idarə olunur. Bu dünyada güc mərkəzləri kimlərdisə, çox şey onların istəyi ilə olur.


Arifə Kərimzadə
Turqay Musayev

Seçilən
116
50
modern.az

10Mənbələr