Bu məhsul ilk dəfə 1995-ci ildə "Pizza Hut" tərəfindən təqdim edilib və Donald Trampın rol aldığı televiziya reklamı ilə satışa çıxarılıb. Bu yenilik dərhal populyarlıq qazanıb. Lakin "Domino’s"un keçmiş rəhbərliyi bu əlavənin müvəqqəti bir trend olduğunu və mətbəxin iş sürətini azaldacağını düşünərək onu menyuya daxil etməmişdi.
Valyuta.Az-ın "CNN"ə istinadən verdiyi xəbərə əsasən, aparılan araşdırmalar göstərib ki, 13 milyon potensial müştəri məhz bu məhsula görə "Domino’s"dan deyil, rəqib brendlərdən sifariş edir. Buna görə də, şirkət bu tendensiyaya qoşulmaq qərarına gəlib. Yeni məhsul parmesan pendiri ilə doldurulmuş kənarla hazırlanır və ABŞ-dakı 7 000 filialda satışa çıxarılıb. Qiyməti 9,99 dollar olaraq müəyyən edilib və müəyyən əlavələrlə təklif edilir.
Bu məhsulun hazırlanması üçün xüsusi "DJ Dough Spinners" avadanlığı işə salınıb. Bu yenilik sayəsində xəmirin kənarına pendir yerləşdirmək və bişirmə prosesi daha sürətli və səmərəli həyata keçirilir. "Domino’s" əməkdaşları üçün 12 həftəlik təlim proqramı təşkil edilib.
Şirkətin son rübdəki satış artımı cəmi 0,4% olub ki, bu da analitiklərin gözləntilərindən aşağıdır. "Pizza Hut" və "Papa John’s" isə eyni mağazalar üzrə satışlarının azaldığını açıqlayıb. Ekspertlər hesab edirlər ki, yeni məhsul "Domino’s"un gəlirlərini artırmağa kömək edə bilər.
"Pizza Hut" bu məhsulu təqdim etdiyi ilk ildə 300 milyon dollar gəlir əldə edib. 2020-ci ildə isə "Papa John’s" öz versiyasını satışa çıxararaq həmin rübdə satışlarını 30% artırıb. "Domino’s"un rəhbərliyi də oxşar uğur qazanmağı planlaşdırır.
Bununla belə, şirkətin baş icraçı direktoru Rassel Vayner istehlakçıların qənaət etməyə meyilli olduğunu və bunun 2025-ci ilə qədər davam edəcəyini bildirib. Lakin "TD Cowen" analitiklərinə görə, yeni içi doldurulmuş kənar "Domino’s"un gəlirlərini artıracaq və satışlardakı durğunluğu azalda bilər.
Rəhim