AZ

Azərbaycanda bu kənd qorxu içində: sakinlər sərbəst hərəkət edə bilmir

Şamaxı rayonunun Göylər kəndində sahibsiz itlər sakinlərə hücum etməyə başlayıb. Bunun qarşısının alınması üçün isə heç bir tədbir görülmür.

Məsələ ilə bağlı kənd sakinləri tərəfindən Publika.az-a daxil olan məlumata görə, kənddə təxminən 100-ə yaxın sahibsiz it var. İndiyə qədər itlər bir neçə dəfə sakinlərə, əsasən də uşaqlara hücum edib. İt dişləyən uşaqlardan dördünün vəziyyəti ağırdır. Bildirilir ki, uşaqlar kənddə sərbəst hərəkət edə bilmir, məktəbə getməkdə çətinlik çəkirlər.

Sakinlərin sözlərinə görə, müraciət edilən qurumlar isə sadəcə məsələnin həll olunacağına dair vədlər verirlər. Lakin ortada atılan hər hansı addım yoxdur.

Zərərçəkən uşaqlardan birinin atası, kənd sakini Ziya Allahverdiyev bir neçə quruma şikayət etsə də, bunun heç bir nəticə vermədiyini bildirib:

“Bir neçə sakin ilə birlikdə kənd bələdiyyəsinə, sahə müvəkkilinə, icra nümayəndəsinə və onun müavini Etibar bəyə məlumat vermişik. Bizə tədbir görüləcəyinə dair vədlər verilib. Lakin hələlik heç bir nəticə yoxdur. İtlər hər gün kiməsə hücum edir. Sakinlər rahat hərəkət edə bilmir. Hamı qorxu içindədir”.

Digər kənd sakini Elvin Nəbiyev də qeyd edib ki, bütün şikayətlərə baxmayaraq hər hansı addım atılmır, müvafiq tədbir görülmür:

“İtlər 11-ci sinif şagirdi olan övladıma hücum etdi. Hazırda ağır vəziyyətdə evdə yatır. Bu səbəbdən o, buraxılış imtahanında iştirak edə bilmədi. Digər azyaşlı övladıma da hücum olunub. Valideynlər uşaqlarını hər dəfə özləri məktəbə aparıb-gətirir. İcra nümayəndələrinə, bələdiyyəyə şikayət etmişik. Lakin səsimizə səs verən yoxdur”.

Seçilən
39
4
publika.az

5Mənbələr