İran prezidenti Məsud Pezeşkian“etnik dillərin ədəbiyyatının tədrisi” layihəsinin parlament tərəfindən rədd edilməsi haqqında danışıb. O, mövzunu hökümətdə təqib edəcəklərini ifadə edib.
Pezeşkian Şərqi Azərbaycan vilayətinin Sarab şəhərinin millət vəkili Məcid Nəsirpur ilə söhbət edərkən mövzu ilə bağlı fikrini açıqlayıb. Söhbətin videosu vəkilin öz Instagram səhifəsi və bəzi sosial media kanallarında yayılıb.
“Cənab doktor keçən həftə məclis ana dilinin təhsili ilə bağlı bir qərar verdi. Bu haqda fikriniz nədir?” deyə Məcid Nəsirpur Pezeşkiandan soruşub.
Məsud Pezeşkian deyib ki, “o bir qanundur və biz də əzm etdik ki, məclisdə baş verən o cərəyanın hökümətdə özümüz ardını tutub təqib edək və lazım olsa layihə verək. Təsəvvürüm budur ki, layihəyə ehtiyac olmaz və biz bunu hökümətdə başlaya bilərik.”
Keçən çərşənbə günü İranın İslami Şura Məclisinin 246 deputatın iştirakı ilə keçirilən açıq iclasında “yerli və etnik dillərin ədəbiyyatının tədrisi” layihəsi 104 lehinə, 130 əleyhinə səslə rədd edilib.
Pezeşkian hökümətinin nümayəndəsi Kazım Dilxoş da iclasda layihənin əleyhinə çıxış edib. Lakin, prezidentin parlament işləri üzrə müavini Şəhram Dəbiri Üsküyi həmin gün öz X hesabında yazıb ki, prezident və hökümət ana dilinin tədrisini dəstəkləyir. Dəbiri hökumət nümayəndəsinin koordinasiya olmadan layihəyə qarşı çıxdığını və öz şəxsi fikirlərini bəyan etdiyini önə çəkib.
İran Konstitusiyasının 15-ci maddəsində qeyri-fars dillərin tədrisinə məhdud şəkildə icazə verilib. Bu maddəyə əsasən “mətbuatda və kütləvi informasiya vasitələrində yerli və etnik dillərin istifadəsi və məktəblərdə ədəbiyyatının tədrisi fars dili ilə yanaşı azaddır.” Buna baxmayaraq, türklər və həmçinin İranda yaşayan digər qeyri-fars icmalar öz ana dillərində təhsil almaq hüququndan məhrumdurlar. Keçən günlərdə İran Azərbaycanının müxtəlif şəhərlərində dil hüquqları sahəsində fəaliyyət göstərən fəallara qarşı təqib və təzyiqlərin artdığına dair xəbərlər yayılıb. Hüquq müdafiəçiləri, o cümlədən 21 fevral Dünya Ana Dili Günü münasibəti ilə türkcə kitab paylayan bəzi mədəni fəalların saxlanıldığı bildirilib. Bununla yanaşı Təbrizdə bir məktəbin məsullarının ticarət mərkəzində ana dili günü ilə bağlı tədbir keçirilməsi ilə əlaqədar basqılara məruz qaldığına dair xəbərlər yayılıb. Tədbirdə çox sayda məktəb şagirdinin iştirakı ilə türk dilində mahnılar ifa olunmuşdu.
visiontv.az