AZ

Dondurulmuş Rusiya aktivlərinin taleyi necə olacaq? – Üç ölkə yeni plan hazırlayıb

Britaniya, Fransa və Almaniya Rusiya ilə atəşkəs razılaşması əldə ediləcəyi təqdirdə Rusiyanın Avropa İttifaqındakı (Aİ) dondurulmuş aktivlərinin müsadirə edilməsi təhlükəsindən Ukraynanın təhlükəsizliyinin təminatlarından biri kimi istifadə imkanlarını müzakirə edirlər.

«AzPolitika” xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti öz mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, Aİ-nin ən iri ölkələri uzun müddətdir ki, Rusiyanın aktivlərinin müsadirəsinə qarşı çıxıblar - bu tədbiri tənqid edənlər hüquqi çətinliklərə, eləcə də belə bir tədbirin investisiya mühitinə mənfi təsirinə işarə ediblər. Bununla belə, FT-nin yazdığı kimi, ABŞ-ın Ukrayna ilə bağlı siyasətindəki dəyişikliklər fonunda, Fransa və Almaniya Aİ üzvü olmayan Britaniya ilə birlikdə Ukraynanın təhlükəsizliyini təmin etmək yollar axtarması bu fikri aktual edib.

İdeya ondan ibarətdir ki, bir sıra Aİ ölkələrinin təklif etdiyi kimi, sülh sazişləri bağlanana qədər Rusiyanın aktivləri müsadirə olunmayacaq. Lakin bu, Rusiya atəşkəs razılaşmasını pozacağı təqdirdə baş verəcək.

Fransa Prezidenti Emmanuel Makron ötən həftə ABŞ Prezidenti Donald Trampla görüşərkən dərhal aktivlərin müsadirə edilməsinin beynəlxalq hüquqa zidd olacağını, lakin bu aktivlərin taleyinin sülh danışıqlarında müzakirə oluna biləcəyini deyib. Medianın əvvəllər yazdığı ideyalardan biri də bu aktivlərdən Ukraynanı bərpa etmək üçün istifadə imkanları idi.

“Reuters” agentliyi mənbələrə istinadən iddia edib ki, əgər vəsaitin bir hissəsi hazırda Rusiyanın nəzarətində olan Ukrayna ərazilərinin bərpasına sərf edilərsə, Rusiya bununla razılaşa bilər. Aktivlərin müsadirəsi təhlükəsinin təhlükəsizliyin nə dərəcədə effektiv təminatı ola biləcəyi və Ukraynanın belə bir sxemə razı olub-olmayacağı aydın deyil. Moskva rəsmi olaraq aktivlərin müsadirə edilməsi ehtimalını rədd edir.

Rusiyanın 2022-ci il işğalından sonra dondurulmuş vəsaitlərin böyük hissəsi - təxminən 190 milyard avro – “Euroclear Avropa” klirinq evində saxlanılır. Bəzi vəsaitlər ABŞ, Böyük Britaniya və müxtəlif Aİ ölkələrində də dondurulub. Bu aktivlərdən əldə edilən gəlirlər Qərb ölkələrindən Ukraynaya 50 milyard avroluq kredit üçün girov kimi istifadə olunur.

“AzPolitika.info”

Seçilən
82
azpolitika.info

1Mənbələr