AZ

“Uşaq bağçalarının direktorları üçün mentorluq” layihəsi çərçivəsində təlimlərə başlanılıb

Bakı, 4 mart, AZƏRTAC

“Bağçaların səmərəli idarə edilməsi: uşaqyönlü təlim mühiti və müasir yanaşmalar” adlı təlim məktəbəqədər təhsildə beynəlxalq təcrübəyə əsaslanır.

AZƏRTAC xəbər verir ki, təlimlərdə Bakı, Sumqayıt, Abşeron, Qəbələ, Qax, Zaqatala, Şəkidə çalışan və yeni təyinat alan 40 bağça direktoru cəlb olunub.

İki qrup olmaqla 72 saatlıq təlim uşaqyönlü təhsil mühitinin qurulması və idarə olunması, valideynlərlə səmərəli ünsiyyətin prinsipləri, təhsil mühitinin dəyərləndirilməsi mövzularını əhatə edir. İştirakçılar bu mövzular üzrə öz bilik və bacarıqlarını inkişaf etdirir, müxtəlif qrup tapşırıqları vasitəsilə dünya təcrübəsi ilə tanış olmaq imkanı əldə edirlər. Təlim məktəbəqədər təhsil üzrə beynəlxalq mütəxəssis Sənəm Əliyeva tərəfindən keçirilir.

Təlim çərçivəsində iştirakçıları özünü analiz sorğusunu yerinə yetirəcək, bir-birlərinin müəssisəsində təlim mühitini təhlil edəcək, öz rəy və təkliflərini verəcək, eyni zamanda, uşaq bağçalarının müəllimləri arasında açıq dərslər təşkil ediləcək.

Qeyd edək ki, layihə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı ilə keçirilir.

Layihə çərçivəsində, həmçinin 3 bağça direktoruna mentorluq xidməti göstərilir və bu çərçivədə inkişaf planı hazırlanır. Bu məqsədlə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda yeni direktor təyin olunan 3 bağça seçilib və həmin bağçaların direktorlarına mentorluq xidməti göstərilməyə başlanılıb. Belə ki, layihəyə Bakı şəhərində fəaliyyət göstərən 325 saylı uşaq bağçasının direktoru Hafizə Məcidova, 158 nömrəli körpələr evi-uşaq bağçasının direktoru Süriyyə Nuriyeva və 161 nömrəli uşaq bağçasının direktoru Nərgiz Zeynalova cəlb olunublar.

Seçilən bağçalar üçün hazırlanan inkişaf planı çərçivəsində öyrənmə mühitini dəyərləndirmək və inkişaf etdirmək üçün valideyn və müəllimlərlə sorğular keçirilir və bu sorğunun nəticələri analiz edilir. Eyni zamanda, üç bağçanın pedaqoji kollektivi üçün “Oyunəsaslı öyrənmə”, “Layihəəsaslı öyrənmə”, “Valideynlərlə səmərəli iş” mövzularında seminarlar keçirilir.

Əsas məqsəd məktəbəqədər təhsildə beynəlxalq təcrübəyə əsaslanaraq dövlət məktəbəqədər təhsil müəssisələrinin direktorlarının bilik və bacarıqlarını artırmaq, onların pedaqoji idarəçilik səriştələrinin inkişafına dəstək olmaqdır.

Layihə “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivəsində müəyyənləşdirilən məktəbəqədər təhsildə pedaqoji heyətin peşəkarlığının artırılmasını əsas hədəf götürür.

Seçilən
60
1
azertag.az

2Mənbələr