Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfirlərlə iftar proqramında çıxışı zamanı Avropanın təhlükəsizliyinin təmin olunması mövzusunda dedikləri diqqət çəkib. O, Türkiyənin Avropanın ayrılmaz hissəsi olaraq Avropa İttifaqına (Aİ) üzvlük müddətini strateji prioritet hesab etdiyini bildirib.
Ərdoğan Türkiyəsiz Avropanın qlobal bir aktor kimi varlığını davam etdirməsinin getdikcə qeyri-mümkün olduğunu söyləyib. O bildirib ki, Ankara olmadan Avropanın təhlükəsizliyini təsəvvür etmək mümkün görünmür.
Mövcud şərtlər altında Avropa İttifaqına üzvlük Türkiyəyə nə dərəcədə sərf edir? Ankara ittifaqın hərbi, siyasi, iqtisadi baxımdan gücsüzləşdiyi bir vaxtda üzv qəbul edilərsə, əlavə yük götürmüş olmazmı?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Türkiyə Aİ-yə üzvlük üçün uzun müddətdir mübarizə aparır:
“İttifaq isə hələ də Ankaranı gözlədir. Xüsusilə ABŞ-da Prezident Donald Tramp hakimiyyətə gəldikdən sonra Vaşinqtonla Brüssel arasında yaranan gərginlik onların hər ikisi üçün Türkiyənin nə qədər vacib partnyor olması faktını ortaya qoydu.
Hazırkı mürəkkəb geosiyasi vəziyyətdə ABŞ və Aİ arasında rəqabət onların hər ikisini zəiflədə bilər. Vaşinqtona da, Brüsselə də Ankaranın dəstəyi lazımdır. Bu, həm də Rusiya ilə münasibətlər kontekstində qiymətləndirilməli olan məqamdır. İndi hansı tərəf Türkiyənin maraqlarını yerinə yetirərsə, rəsmi Ankara ona dəstək göstərəcək. Bu baxımdan ölkənin ittifaqa üzvlüyü mühüm əhəmiyyətə malikdir.
Kənan Novruzov
Ekspertin sözlərinə görə, Ankaranın üzvlüklə bağlı düşüncələri dəyişməyib:
“Əksinə, bundan sonra Aİ də Türkiyənin üzvlüyündə maraqlı olacaq. Ankara isə ABŞ və Rusiya ilə münasibətlərindən istifadə edəcək. Ya onlardan istədiyini alacaq, ya da ittifaqa üzv olaraq xarici siyasət kursunda yeni mərhələ başladacaq”.
Qeyd edək ki, Türkiyə Avropa İttifaqına üzvlük üçün rəsmi olaraq 1987-ci ildə müraciət edib. 1999-cı ildə də ittifaqa üzvlük üçün namizədiliyi təsdiqlənib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta