“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 25-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 2:2 hesabıyla başa çatmış matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Bu oyunda bir balaca üstünlüyümüz var idi. Qollarımızı da vurduq. Amma qolları vurduqdan sonra, asanlıqla qollar buraxdıq. Nəsə demək çətindir. İki qol vurduqdan sonra bu qədər asan qollar buraxmamalıyıq.
Bəzən konsentrasiya futbolda kifayət qədər qiymət verilməyən dəyərdir. Konsentrasiyanın itməsi nəticəsində qapıda qollar görülür. Yüksək hədəflər uğrunda mübarizə aparan komanda üçün qısa müddətlik olsa belə, konsentrasiyanı itirmək qəbuledilməzdir.
Biz hələ heç nə itirməmişik. Çempionatdakı oyunların nəticələri də çox vaxt gözlənilməz olur. Bizim məqsədimiz çıxdığımız hər oyunda qalib gəlməkdir”.
“Neftçi”nin baş məşqçisi Samir Abasovun “Kəpəz”lə kubok görüşündən sonra Bassala Sambunun qırmızı vərəqə almasının qəsdən olduğunu deyərək, bunun “Sabah”la görüş üçün düşünülmüş bir addım olduğuna eyham vurmuşdu. Vasili Berezutski isə bununla bağlı suala cavab vermək istəməyib:
“Qırmızı vərəqə epizodunu görməmişəm, nəsə deyə bilmərəm. Daha çox “Sabah”ın oyunlarına köklənmişəm. Çox nadir hallarda başqa komandalar haqda fikir bildirirəm. Nəsə demək çətindir. Biz “Sabah” olaraq heç vaxt hakimlər barəsində danışmırıq. Oyunda qırmızı vərəqə də futbolun bir hissəsidir”.
“Araz-Naxçıvan” enişdə deyil” – Elmar Baxşıyev
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə heç-heçəyə belə şərh verib:
“Yaxşı, maraqlı, dinamik oyunun şahidi olduq. Hər iki komanda meydançada daha çox hücum kreativliyi ilə seçilirdi. Komandanın göstərdiyi performansdan məmnun qaldım. Yolumuza davam edirik. Bu gün yaxşı oyun göstərərək, bir xal qazandıq. Biz enişdə deyildik. Kim deyir ki, “Araz-Naxçıvan” enişdədir? Maşallah olsun, komandam möhkəmdir. Oyunumuzla da enişdə olmadığımızı göstəririk. Dörd gündən əvvəl “Zirə”ni məğlub edərək ölkə kubokunda yarımfinala vəsiqə qazanan komanda enişdə ola bilməz. Sadəcə, zədəlilərimiz çoxdur. Ona görə heyət baxımından sıxıntı çəkirik. Buna baxmayaraq, öz iddiasından əl çəkməyəcəyik.
Ülvi İsgəndərov bizim ehtiyat oyunçumuz deyil. Hər futbolçunun mövsüm ərzində şans qazanması özündən asılıdır. Ülvinin bu oyunda şansı oldu, istifadə etdi. Amma yenə də bütün futbolçularıma güvənirəm. İnanıram ki, meydana çıxanlar ən yaxşısını etməyə çalışacaqlar. Zədəlilər də qayıtdıqdan sonra daha da iddialı və hücumda daha yaxşı olacağıq”.