AZ

Suriya lideri: “Qəzzada baş verənlər bütün Ərəb dünyası üçün təhlükədir”

“Qəzzada yaşanan hadisələr bütün region üçün ciddi xəbərdarlıqdır. Fələstinlilərin məcburi köçkün vəziyyətinə salınmasına dair çağırışlar bütün Ərəb dünyasını təhdid edir”.

Editor.az xəbər verir ki, bu bəyanatla Suriyanın yeni seçilmiş prezidenti Əhməd əl-Şara Misirin paytaxtı Qahirədə keçirilən Fövqəladə Ərəb Birliyi Zirvəsində çıxış edib.

Şara çıxışında bildirib ki, bu gün Fələstin xalqının qanı bahasına regionun xəritəsini yenidən formalaşdırmağa cəhdlər edilir: “Bu çağırışlar yalnız Fələstin xalqına deyil, bütün ərəb millətinə qarşı bir təhdiddir.”

O, fələstinlilərin məcburi köçkün vəziyyətinə salınması planlarını açıq şəkildə rədd etdiyini bəyan edib.

Şara əlavə edib ki, “Fələstin xalqının yerindən edilməsi, onları torpaqlarından ayırmaq üçün nəzərdə tutulan genişmiqyaslı bir layihənin əsas hissəsini təşkil edir.”

Suriya prezidenti qeyd edib ki, Ərəb ölkələri birləşməli və Fələstin xalqına qarşı məsuliyyətlərini yerinə yetirməlidir. Suriya lideri Qəzzada baş verənlərin ərəb dünyası üçün bir xəbərdarlıq olduğunu vurğulayaraq, ərəb ölkələrinin bu məsələdə birgə mövqe sərgiləməsinin vacibliyinə diqqət çəkib: “Ərəb ölkələri mövqelərini birləşdirməli və Fələstin xalqına qarşı məsuliyyətlərini yerinə yetirməlidir. Biz Qəzzaya humanitar yardım göstərməyə və hücumları dayandırmaq üçün səylərimizi ortaya qoymağa hazırıq. Suriya xalqı, azadlıq və ədalət yolunda atılan hər addımda fələstinli qardaşlarının yanında olacaq.”

Suriya prezidenti həmçinin Fələstin xalqının öz torpaqlarına qayıtmaq və öz müqəddəratını təyin etmək hüququnu tam dəstəklədiklərini vurğulayıb və İsrailin təkcə fələstinlilərin deyil, suriyalıların da hüquqlarını pozmağa davam etdiyini bildirib.

//Mahir Ağa, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr