AZ

Ehtiramlı diplomatiya

Ötən tur “Turan Tovuz” bəyanat vermişdi. Lakin buna rəğmən “Şamaxı” ilə oyun təxirə salınmamışdı.

Həmin oyundan sonra isə maraqlı, bir az da qəribə məsələ yaşanmışdı. AFFA “Turan Tovuz”un bəyanatına görə “işgüzar şərəf və ləyaqət” tematikasında kluba ağır cəza kəsmişdi – 20 min manat cərimə.

Bu, futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı. Əksəriyyət düşünürdü ki, AFFA kluba qarşı haqsızlıq edib, səlahiyyətləri aşıb və s.

Lakin dünən baş tutan “Zirə” ilə (0:2) oyundan sonra Ehtiram bəy bu haqda danışdı. O, brifinqdə məsələ ilə bağlı bildirdi ki, bu halın yaşanmasını istəməzdi: “Özü də AFFA ilə dialoqlarımızın ən yaxşı vaxtında bu baş verdi. Ona görə üzgünük”.

Quliyev, “…amma biz də klubumuzun maraqlarını qorumaq üçün mövqeyimizi bildirmişik, bildirəcəyik” deyə açıqlamasına davam edib. Burdan o qənaətə gəlmək olar ki, ağır sanksiyaya rəğmən klub assosiasiya qarşısında susqun mövqeyə keçməyəcək.

Lakin mövzunun düyün nöqtəsi də var. Belə ki, Ehtiram bəy sözügedən cəzadan apellyasiya şikayəti edilməyəcəyini bildirib.

Bunu indiki halda tərəflər arasında ab-havanın kritik həddə çatdırılması, yaxud böhrana sürüklənməməsi mövqeyi kimi səciyyələndirmək olar.

Bəs bəyanat və ardınca dərhal, “sübut tələb edib, lakin onu gözləmədən” ən ağır, hətta iş üzrə təsnifatlandırılmayacaq həddə cəza kəsmək – niyə?!

Prosesin gedişatı və nəticələri bir çox versiyaları düşünməyə səbəb verir. Ən səhih versiya budur ki, AFFA-nın ən radikal reaksiyasına səbəb “Ehtiram Quliyevin yerində oturdulması” cəhdi idi. Çünki o, arabir öz tərzində quruma “ilişirdi”. Gah ot örtüyünün dəyişdirilməsi, gah hakimlikdən narazılıq…

AFFA-nın cəza qərarı çox tez verilmişdi və çox ağır idi. Bu da düşünməyə əsas verir ki, məsələ AFFA İntizam Komitəsini aşmış, hətta ən yuxarı instansiyadan qaynaqlanmışdı.

Səhih olmayan məlumata görə bu qərar birbaşa AFFA prezidenti Rövşən Nəcəf tərəfindən verilmişdi.

Ehtiram bəyin öz tərzində diplomatiyası ilə yayındırıcı mövqe tutması, cəzadan apellyasiya verməmələri və s. və s.

Hər halda, toqquşmalar inkişafa mane olur. Bəlkə də bəzən bundan yan keçmək lazımdır. Ancaq bilinən odur ki, “Turan Tovuz” bəyanatında haqlı olsaydı belə, onun hazırlanması və tərtibində ciddi hüquqi qüsur var idi. Eləcə də AFFA-nın aşırı sərt reaksiyası…

Hər iki tərəf bundan təcrübə qazanmalıdır.

Kamil Əhməd

P.S.

Ehtiram bəyin isə tez-tez media önünə çıxması, fikir/mövqe bildirməsi təqdirəlayiqdir və əksər digər klub/qurum idarəçiləri üçün nümunə sayılmalıdır. Hərəkət varsa, səhv olacaq. Ağzına su alıb oturanlar bu mənada “ağıllı tərpəndiklərini” zənn etməsinlər

P.P.S.
Danışın, Etiram bəy, həmişə danışın. Bu vacibdir. Görək gedişatda püxtələşirsiniz, yoxsa…

Seçilən
40
futbolpress.az

1Mənbələr