OPEC+ ölkələrinin neft hasilatını artırmaq qərarı və ABŞ prezidenti Donald Trampın qlobal ticarət müharibələrini gücləndirməsi neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb olub. Rusiyanın əsas neft brendi olan Ural neftin qiyməti 55 dollar/barelə qədər ucuzlaşaraq Qərbin 60 dollarlıq baryerindən aşağı qiymətə düşüb. Qərardan sonra Brent markalı neft 2,4 faiz dəyər itirərək barreli 69,9 dollara kimi ucuzlaşaraq son 6 ayın ən aşağı səviyyəsinə çatıb.
Hafta.az-ın yazdığına görə, OPEC+ ölkələri aprel ayından başlayaraq pandemiya dövründə tətbiqlənən hasilat məhdudiyyətlərini mərhələli şəkildə qaldırmağa başlayacaq. Hasilat ayda 138 min barel artaraq 2026-cı ilə qədər gündəlik 2,2 milyon barrelə çatacaq. Bununla belə, kartel bazarlarda qeyri-sabitlik yaranacağı təqdirdə prosesin dayandırıla biləcəyini bildirib.
Digər tərəfdən, Beynəlxalq Enerji Agentliyi bu il qlobal neft bazarında gündəlik 450 min barel artıq neft təklifinin olacağını proqnozlaşdırır. Trampın Meksika, Kanada və Çinə qarşı gömrük rüsumlarını artırması da iqtisadi artım gözləntilərini azaldaraq neft tələbinə mənfi təsir göstərir.
Son həftələrdə Ural neftinin qiyməti Baltik dənizinin Primorsk limanında 57,97 dollara, Novorossiyskdə isə 58,32 dollara düşüb. Bu səviyyələr 2024-cü ilin sentyabrından bəri ən aşağı qiymətlər kimi qeydə alınıb. Bundan əlavə, ABŞ yanvar ayında Rusiyaya qarşı gəmiçilik sanksiyalarını ağırlaşdıraraq Ural neftinin daşınma xərclərini artırıb. Əslində, Novorossiyskdən Hindistanın qərb sahilinə 1 milyon barel Ural neftinin nəqlinin dəyəri ötən ilin sonundakı 5,6 milyon dollar səviyyəsindən 7,9 milyon dollara yüksəlib. Bu xərc eyni marşrutla nəql edilən digər neft növləri ilə müqayisədə iki dəfə bahadır.