AZ

Pakistan təhlükəsizlik qüvvələri terror aktının qarşısını alıb, altı terrorçunu zərərsizləşdirib

İslamabad, 5 mart, Hilal Əhməd, AZƏRTAC

Pakistanda təhlükəsizlik qüvvələri Xayber Paxtunxva əyalətinin Bannu rayonunda terror aktının qarşısını alıb və altı terrorçunu zərərsizləşdirib.

AZƏRTAC xəbər verir ki, terrorçuların ötən axşam iftardan sonra Bannu kantonuna daxil olmaq cəhdi uğursuz olub. Onlar təhlükəsizlik qüvvələrinin vaxtında reaksiyasından təşvişə düşüblər və partlayıcı yüklənmiş iki maşını kantonun divarına çırpıblar.

Təhlükəsizlik mənbələri bildiriblər ki, terrorçuların partlayıcı yüklü avtomobili işə salması nəticəsində doqquz mülki şəxs həlak olub, 16 nəfər isə yaralanıb. Partlayış nəticəsində yaxınlıqdakı məscid də dağılıb.

Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Məhəmməd Şahbaz Şərif təhlükəsizlik qüvvələrinə terror aktının qarşısının alınmasına və zərbə cəhdinin arxasında duran terrorçuların məhv edilməsinə görə təşəkkür ediblər.

Prezident və Baş nazir bəyanatlarında hücumu şiddətlə qınayıb, hadisədə günahsız vətəndaşların şəhid olmasından kədərləndiklərini bildiriblər.

Seçilən
34
azertag.az

1Mənbələr