Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir. İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır.
Qadınların seçki hüququ qadınların seçkilərdə səs vermək hüququdur. 19-cu əsrin ortalarından başlayaraq geniş əsaslı iqtisadi və siyasi bərabərlik və sosial islahatlar üçün gördüyü işlərdən başqa, qadınlar səsvermə hüququ qazanmaq üçün səsvermə qanunlarını dəyişdirməyə çalışdılar. Bu məqsədlə cəhdləri əlaqələndirmək üçün milli və beynəlxalq təşkilatlar yaradıldı. Cümhuriyyətin qadınlara seçmək və seçilmək hüququnu verməsi təkcə müsəlman və Şərq cəmiyyətləri üçün əhəmiyyətli olmayıb. Çünki o zaman hətta özünü demokratiyanın beşiyi elan edən və sözün həqiqi mənasında, müasir demokratiyanın əsaslarını yaradan cəmiyyətlər qadınların seçmək və seçilmək hüququnu tanımaq istiqamətində addım atmamışdılar.
Tarixi ədəbiyyatda dünyada qadınlara ilk seçki hüququnun verildiyi ölkə kimi Yeni Zelandiyanın adı çəkilir. Bu ölkə 1893-cü ildə qadınların seçkidə iştirak hüququnu tanıyıb. Lakin bu, bütün təbəqədən olan qadınlara aid deyildi, eləcə də, qadınların namizəd ola bilməsi məhdudlaşdırılmışdı. Yeni Zelandiya seçki hüququnun tam təmin olunmasına ötən əsrin 20-ci illərindən sonra nail ola bildi. Hərçənd, həmin vaxt Azərbaycanda bütün təbəqələrdən olan qadınların səsvermə hüququ təmin olunmuşdu. Avropada qadınların səsvermə hüququnu tanıyan ölkərin sırasında başda Norveç, Finlandiya və İslandiya kimi ölkələr gəlir. Azərbaycan - Şərqdə qadınların seçib-seçilmək hüququnu tanıyan ilk ölkə olub.
Azərbaycan dövlətçilik tarixində, dövlətin inkişafında, ictimai-siyasi mühitin formalaşmasında qadınların xüsusi yeri var. Milli dövlətçilik anlayışının keşiyində duran qadınlarımız dövlətə, dövlətçiliyə, milli məfkurəyə bağlı olub, onun üçün mücadilələr verib. Bu gün də o ənənəni davam etdirirlər. Qadınların dövlətçiliyə bağlılıq, dövlət quruculuğunda iştirak etmək ənənəsini, missiyasını müasir qadınlar çox uğurla daşıyır.
Təsadüfi deyil ki, zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımız müasir Azərbaycan qadınının obrazını, xarakterik xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, onun cəmiyyətin, ölkənin inkişafında nə dərəcədə mühüm rol oynadığını və bu istiqamətdə verdiyi töhfələrin əvəzsiz bir əhəmiyyətə malik olduğunu bariz şəkildə nümayiş etdirir.
Səkinə Novruzova,
Bakı şəhəri, Xətai rayonu, 27 nömrəli tam orta məktəbin müəllimi