AZ

Anar Məmmədov şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon ağsaqqalları və ziyalıları ilə birlikdə Tərətr rayonunun Nizami küçəsində şəhid Mehdiyev Yasən Alim oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

“İki sahil” xəbər verir ki, görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib.

Qeyd edək ki, Mehtiyev Yasən 19 yaşında şəhidlik zirvəsinə ucalıb. O, 44 günlük Vətən müharibəsində oktyabr ayının 23-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, oktyabrın 24-də rayonun Sarcalı kəndində dəfn olunub. Xatirəsini əbədiləşdirmək məqsədilə anadan olduğu küçədə onun adına xatirə bulağı inşa edilib.

Şəhid Mehtiyev Yasən Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Seçilən
31
ikisahil.az

1Mənbələr