Londonun “Arsenal” klubu UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün 1/8 final mərhələsində tarixi nailiyyətə imza atıb.
Offsideplus.az xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi komanda səfərdə Niderland təmsilçisi PSV-ni 7:1 hesabı ilə darmadağın edərək Premyer Liqa klubları arasında Çempionlar Liqasında ən çox qol vuran komanda olub. İndiyədək heç bir İngiltərə Premyer Liqası təmsilçisi Çempionlar Liqasının səfər oyununda bu qədər qol vurmayıb. Bu nəticə “topçular” üçün tarixə düşən nailiyyətlərdən biri olub.
Bundan əlavə, “Arsenal” 2005/06 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında ardıcıl beş qələbə qazanıb. Bu uğur London klubunun turnirdəki güclü çıxışını bir daha təsdiqləyir.
1/8 final mərhələsinin PSV – “Arsenal” cütlüyü arasında cavab oyunu martın 12-də Londondakı “Emirates” stadionunda keçiriləcək. Bu matçda “Arsenal”ın növbəti mərhələyə vəsiqə qazanmaq üçün üstünlüyünü qoruyub-qorumayacağı maraq doğurur.