Macarıstan növbəti dəfə Avropanın Ukrayna ilə bağlı dəstək layihəsini bloklayıb. Bununla yanaşı rəsmi Budapeşt Avropa İttifaqının Ukraynaya 20 milyard avroluq yardım paketinə qarşı çıxıb.
Macarıstanın Ukrayna məsələsinə verdiyi reaksiya ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov Budapeştin Kiyev ilə bu cür davranışlarına nələrin səbəb olduğunu bildirib:
“Birinci səbəb Qərbi Ukraynada yaşayan macar azlığı ilə bağlı iki ölkə arasında mövcud problemlərdir. Bundan əlavə, Macarıstanın Rusiya ilə münasibətləri kifayət qədər normaldır və Avropada Putinlə birbaşa əlaqəsi olan liderlər arasında Viktor Orban xüsusilə fərqlənir”.
Politoloq həmçinin Macarıstanın Ukraynaya ərazi iddiasından söz açıb:
“Macarıstan Baş naziri Viktor Orbanın ABŞ Prezidenti Donald Trampla da müntəzəm əlaqələri var. Hazırda Ukrayna ilə ABŞ arasındakı gərgin münasibətlər fonunda Macarıstan öz siyasətini həm ABŞ, həm də Rusiya ilə koordinasiya edərək bu addımları atır. Macarıstan hesab edir ki, bu mövqeyi hər iki böyük dövlətin maraqlarına uyğundur və gələcəkdə ona müəyyən imkanlar yarada bilər.
Bu çərçivədə Macarıstan növbəti dəfə Ukraynaya yardımı bloklayıb. Bunun əsas səbəbi qeyd etdiyim kimi Ukrayna ərazisində yaşayan macar azlıqları ilə bağlıdır. Hətta belə mövqe var ki, Macarıstan tərəfinin məhz Ukraynanın qərb hissəsində macar azlığı yaşayan bölgələrə ərazi iddiaları da var”.
Fidan Hacızadə