AZ

“Erasmus+” proqramı fəaliyyətini dayandırıb? - AÇIQLAMA

"Erasmus+ proqramının hazırkı vəziyyəti ilə bağlı narahatlığınızı tam anlayıram və sizin dəstəyinizin bu məsələnin həllində nə qədər vacib olduğunu görmək mənim üçün çox önəmlidir".

 

AzEdu.az xəbər verir ki, bu sözləri Milli Erasmus ofisinin rəhbəri Pərviz Bağırov rəsmi feysbuk hesabında qeyd edib.

 

O, bilidirib ki, mövcud məhdudiyyətlər Erasmus Mundus Joint Master Degree (EMJMD) proqramına şamil olunmur:

 

"Bu proqramın strukturu fərqlidir, fərdi namizədlər üçün nəzərdə tutulub və bakalavr məzunları birbaşa müraciət edərək təqaüdü müstəqil qaydada qazana bilərlər. Yəni, Erasmus Mundus çərçivəsində Avropada magistr təhsili almaq istəyən namizədlər üçün heç bir dəyişiklik yoxdur və onlar əvvəlki qaydada müraciət edə bilərlər.Bu məsələnin həlli üçün bütün aidiyyəti qurumlarla işləməyə davam edirik və yeni məlumatlar olduqca sizinlə paylaşacağıq.

 

Son günlərdə Erasmus+ proqramı ilə bağlı çoxsaylı zənglər və mesajlar alıram. Bütün suallara cavab verməyə çalışsam da, yaranmış vəziyyətlə bağlı ümumi bir izahat vermək istərdim".Hazırda əfsüslər olsun ki Erasmus+ proqramı çərçivəsində bütün fəaliyyətlər faktiki olaraq qeyri-rəsmi şəkildə dayandırılıb. Bu, o deməkdir ki, yüzlərlə ICM tələbə və müəllim mübadilələri, CBHE (Ali Təhsildə Potensialın Gücləndirilməsi) layihələri, Jean Monnet təşəbbüsləri və digər Erasmus+ layihələri ilə bağlı heç bir irəliləyiş yoxdur. Bu o deməkdir ki, yeni layihələr qeydiyyata alınmır, və aktiv olanların belə icrası dayandırılır.

 

P.Bağırov əlavə edib ki, təəssüflə bildirmək istəyirəm ki, yaranmış vəziyyətlə əlaqədar olaraq Milli Erasmus+ Ofisi də bağlanmaq üzrədir:

 

"Bu, proqramın gələcək icrasına ciddi təsir göstərə bilər və ölkəmizdə Erasmus+ layihələrinin davamlılığına mane ola bilər. İllər boyu Erasmus+ çərçivəsində yüzlərlə layihə həyata keçirilib, minlərlə tələbə və müəllim Avropanın nüfuzlu universitetlərində təhsil alıb və təcrübə qazanıb. Universitetlərimiz müasir innovativ layihələrə qoşulub, elm və təhsil sahəsində mühüm tərəfdaşlıqlar qurulub. Erasmus+ sayəsində Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası sürətlənib və yeni biliklər, bacarıqlar ölkəmizə gətirilib. Bu layihələr hesabına bir çox universitetlərdə müasir elmi laboratoriyalar qurulub, yeni texnologiyaların tətbiqi mümkün olub və araşdırma imkanları genişlənib.Ümumi layihələrin büdcəsi 20 milyon manata yaxındır və onların icrasının dayandırılması Azərbaycanın ali təhsil sektoruna və beynəlxalq əməkdaşlığa ciddi təsir göstərəcək.

 

Bundan əlavə, Erasmus+ layihələrində 32 fərqli Azərbaycan ali təhsil müəssisəsi iştirak edir. Onların Avropa universitetləri ilə qurduğu akademik əməkdaşlıq bu layihələr vasitəsilə formalaşıb və bu prosesin dayanması həmin universitetlərin beynəlxalq fəaliyyətinə ciddi zərbə vura bilər.

 

Bu vəziyyət proqramın Azərbaycandakı rəsmi icrası ilə bağlı yaranmış qeyri-müəyyənlikdən qaynaqlanır və təəssüf ki, hələlik hər hansı konkret həll yolu görünmür. Tərəfimizdən məsələ ilə bağlı bütün aidiyyəti qurumlara məlumat verilib və problemin həlli yolu axtarılır. Vəziyyət dəyişərsə, sizi dərhal məlumatlandıracağıq. İllər boyu sizlərin hər biri ilə əməkdaşlıq etmək mənim üçün böyük bir şərəf oldu",- deyə paylaşımda qeyd edilib.

Seçilən
21
azedu.az

1Mənbələr