Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib. Buna səbəb kimi onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması göstərilir. Belə ki, mediada yayılan məlumatlara görə, Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.
Bununla bağlı cinayət işi açıla bilərmi?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bu məsələdə cinayət tərkibinin olduğunu bildirib:
“Ötürülən məlumatın nədən ibarət olduğuna diqqət etmək vacibdir. Ən azı Dövlət Turizm Agentliyində olan informasiyaların dövlət sirri təşkil etməsi mümkündür. Belə olduqda həmin şəxsi casusluqda da ittiham etmək olar. Ümumiyyətlə, bu hal vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdir və korrupsiya cinayətidir”.
Mehman Muradlı
Vəkil bildirib ki, deyilənlər sübuta yetirilsə, həmin şəxslər həbs oluna bilərlər:
“Belə olan halda artıq prokurorluq və istintaq orqanı araşdırmalara başlamalı olacaq. Amma siyasi qərar da olmalıdır. Fuad Nağıyev Dövlət Turizm Agentliyinin rəhbəridir. Casusluqda ittiham olunmasa da, korrupsiya cinayətinə görə hər hansı bir formada cəzalandırılması mümkündür”.