AZ

Bitkilərlə müalicədə nəyə diqqət edək? - Həkimdən AÇIQLAMA

Müasir dövrdə insanlar sağlamlıqlarını qorumaq və xəstəliklərlə mübarizə aparmaq üçün təbii üsullara daha çox üstünlük verirlər. Bu üsullardan biri də fitoterapiya – yəni bitkilərlə müalicədir. Qədim zamanlardan istifadə olunan bu metod günümüzdə də alternativ tibb sahəsində geniş yayılıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim Fuad Mahmudov bildirib ki, fitoterapiya ənənəvi olaraq minilliklər boyu müxtəlif mədəniyyətlərdə tətbiq edilib və modern tibb ilə birləşdirilərək tamamlayıcı müalicə metodlarından biri kimi istifadə olunur:

"Məsələn, ən çox rast gəlinən uşaqlarda da, böyüklərdə də yuxarı tənəffüs yollarının iltihab prosesidir. İnsanlar bundan çox əziyət çəkirlər. Hamımıza yaxşı tanış olan gül xətmi bitkisi bu xəstəliyə əlac olan ən effektiv vasitələrdən biridir. Bu bitkini dəmləyib çay kimi gündə 3-4 dəfə içmək çox faydalıdır".

F.Mahmudov vurğulayıb ki, fitoterapiyada bitkilərin düzgün qurudulması çox önəmlidir, çünki yanlış qurudulmuş otlar, onların tərkibindəki faydalı maddələrin itirilməsinə səbəb ola bilər:

"Lakin bəzən insanlar otları günəş şuası altında qurudaraq onların təsirini zəiflədirlər. Günəş şüaları altında qurudulmuş otların tərkibindəki çoxsaylı vitaminlər və bioaktiv maddələr ciddi şəkildə zədələnə bilər. Günəş altında quruduqda, bitkilərin rəngi solur və tərkibindəki faydalı maddələrin miqdarı azalır. Həmçinin, otların uçucu yağları xüsusilə nanə, lavanda və sair bitkilər bu cür qurudulma zamanı itir".

Fitoterapiyanın suda və spirtdə dəmləmə kimi tekturaları var:

"Fitoterapiyada spirtdə dəmləmə bitkilərin faydalı maddələrini spirt vasitəsilə çıxarmaq üçün istifadə olunan bir metoddur. Spirt bitkilərin tərkibindəki bir çox maddəni, xüsusən də yağda həll olan maddələri çıxarmaqda çox təsirlidir. Spirtdə dəmlənmiş ekstraktlar tərkibindəki spirtin qoruyucu təsiri sayəsində uzun müddət saxlanıla bilər".

Həkim deyib ki, yemişan, kəklikotu, nanə bitkiləri ən çox üz tutulan otlardır. Yemişan ürək döyüntülərini tənzimləməyə, qan təzyiqini aşağı salmağa və damarları genişləndirməyə kömək edir, qan damarlarını gücləndirir və elastikliyini artırır. Bu, qan dövranını yaxşılaşdırmağa və ateroskleroz kimi damar xəstəliklərinin qarşısını almağa kömək edə bilər.

Nanə həzm proseslərini tənzimləməyə və mədə-bağırsaq problemlərini azaltmağa kömək edir. Nanənin tərkibindəki mentol baş ağrısını azaldır. Nanə yağı ilə masaj etmək, xüsusən başın ön hissəsinə və qaşların arasına tətbiq edilən zaman rahatlamağa kömək edir. Nanənin tərkibindəki antioksidant maddələr, iltihabları azaldır və orqanizmin sərbəst radikallara qarşı müqavimətini artırır.

Dəmotu çayı boğaz ağrısı və soyuqdəymə kimi problemlərdə təsirli ola bilər. Güclü antibakterial və antifungal təsirə malikdir, bu da onu infeksiyaların qarşısını almaq və müalicə etmək üçün ideal edir. Dəmotu soyuqdəymə, öskürək və boğaz ağrısı kimi problemlər zamanı boğazı sakitləşdirir və tənəffüs yollarını açır.

Nuriyyə Musayeva

Seçilən
24
bakivaxti.az

1Mənbələr