AZ

Zelenski istefa verəcək?-“Əgər bunlar faydasız olsa….”

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin davamlı sülhə nail olmaq üçün mümkün qədər tez danışıqlar masasına oturmağa çalışdığını bildirib. Onun sözlərinə görə, Ukrayna bütün sonrakı mərhələləri sürətlə keçməyə və ABŞ ilə güclü yekun razılaşma əldə olunmasına ümid edir.

Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, son iki həftədir ki, Ukraynanın taleyi həll olunur:

“Bundan sonraki iki həftə də Ukrayna üçün həlledici olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfərindən sonra Londona getdi. Verilən bəyanatlardan da belə məlum olur ki, orada hər nə qədər Ukrayna prezidentinə dəstək ifadə olunsa da, ona izah ediblər ki, ABŞ-la münasibətləri korlamamaq lazımdır. Çünki bu gün Ukraynanın ABŞ-la münasibətləri korlaması ABŞ-la Avropa İttifaqının münasibətlərinə təsir edə bilər. Çünki Aİ Amerika ilə münasibətlərin korlanmasında maraqlı deyil. Belə ki, bu hal Rusiyanın Avropanın təhlükəsizliyinə təhlükə yaratmasına zəmin yarada bilər. Avropada Zelenskiyə ABŞ-ı qıcıqlandırmamağın lazım olduğunu izah ediblər, Zelenski də onun nəticəsində belə bir bəyanat verib.

İkinci bir tərəfdən də Zelenski başa düşür ki, hər nə qədər gedib ABŞ-da Trampa meydan oxumağa çalışsa da öz şəxsi təhlükəsizliyi, hakimiyyəti, müharibənin taleyi ondan aslıdır. Ona görə də ABŞ-ın damarına çox basmaq istəmir. Ona görə Ukrayna ABŞ-la münasibətləri normallaşdırmaq, təbii sərvətlərin hasilatı ilə bağlı sənəd imzalamaq niyyətindədir. Ancaq hesab etmirəm ki, bu sənəd Ukrayna təhlükəsizliyinə ciddi təminat verəcək, əksinə sənəd imzalandıqdan sonra Ukrayna ABŞ-dan çox daha aslı vəziyyətə düşə bilər. Buna baxmayaraq Zelenskinin başqa yolu yoxdur, artıq divara qısılmış vəziyyətdədir. Ukrayna prezidentinin hər an istefa verməsi gözləniləndir. Çünki Zelenski kapitulyasiya aktına qol çəkəcək siyasətçi deyil. Əgər müharibədə uduzsalar, Ukraynanın kapitulyasiya aktına başqa siyasətçi qol çəkəcək. Ya Zelenski istefaya gedəcək, ya da öldürüləcək. Çünki Zelenski başa düşür ki, o sənədə imza atdığı an xalq onu hakimiyyətdə saxlamayacaq. Bəlkə də, o düşünür ki, bu sənədi imzaladıqda ABŞ Ukraynanın xeyrinə cüzi qazanclarla müharibəni bitirə bilər. Hazırda Zelenski saman çöpündən yapışıb, bütün qutuları bir-bir yoxlayır. Əgər bunlar faydasız olsa, istefa verməsi gözləniləndir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr