Restoranın kifayət qədər müştərisi varsa, onun təyin etdiyi qiymətə məhsullarını alırlarsa, deməli müştərilər həmin restorandan məmnundur.
Bəzi restoranlarda qiymətlər xidmət və keyfiyyətlə üst-üstə düşümür. Bu da müştərilərin narazılığına səbəb olur, bir çox hallarda isə həmin restoranların xidmətindən imtinaya gətirir.
Bu isə restoran üçün itki deməkdir.
Bəs belə olan halda restoranlar qiymət və keyfiyyət mütənasibliyinə niyə fikir vermir?
Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, ümumiyyətlə, qiymətdən asılı olmayaraq restoran keyfiyyətsiz ərzaq məhsulu müştəriyə təqdim edilə bilməz. Bu həm də qanunu pozmaqdır:
“Restoranın istifadə etdiyi məhsullar köhnə, vaxtı keçmiş olmamalı, normalara uyğun olmayan şəraitdə saxlanılmamalıdır. Restoranlar tərəfindən bunlara diqqət edilməlidir. Restoranlarda qida məhsulları müştəriyə AQTA-nın müəyyənləşdirdiyi qaydalar çərçivəsində təqim edilməlidir”.
Xalid Kərimli əlavə edib ki, keyfiyyət, qiymət nisbətini bazar, müştəri reaksiyaları müəyyənləşdirir:
“Keyfiyyət, qiymət nisbətinin ədalətli olub-olmaması müştərinin həmin restorana davamlı getməsi, restoranın qarşısına qoyduğu hədəflərinə çatması ilə müəyyən olunur. Restoranlar qoyduğu hədəfə çatırsa, deməli, qiymətinin, keyfiyyətinin necə olmasından asılı olmayaraq müştərinin tələbatına uyğun xidmət göstərə bilirlər. Keyfiyyət-qiymət nisbəti pis olanda insanlar növbəti dəfə ora getmir, ətrafına həmin restoranlara getməməyi tövsiyyə edir. Keyfiyyət-qiymət nisbəti pis olan xidmət sahəsini müştəri bir daha o xidmətdən istifadə etməyərək cəzalandırır”.
Davud