Sülh sazişindən qaçan Ermənistan rəhbərləri əsassız bəhanələrlə vaxtı uzadırlar
Müharibənin bitməsindən beş ilə yaxın vaxt keçsə də sülh müqaviləsi bağlanmır. Səbəbi isə Ermənistan rəhbərliyinin müxtəlif əsassız bəhanələridir. Hərdəmxəyal Nikol Paşinyanın komandası Azərbaycanla münasibətləri normallaşdırmaq əvəzinə Türkiyəyə “quyruq bulayır”, bəd niyyətlərindən əl çəkmək istəmir, özünü söz sahibi kimi aparmağa cəhd edir. Ona görə də ölkəmizə sayğısızlıq göstərir, özünü elə aparır ki, guya Azərbaycanla deyil, Türkiyə ilə hesablaşır. Yəni, 2020-ci ildə ordumuzun güclü zərbələri ilə “qolu-qabırğası sındırılmış” həyasız Hayastan başçıları ağılsız inadkarlığını yerə qoymur, səfehcəsinə “biz də varıq” demək istəyirlər. Ona görə də qondarma dövlətin gicbəsər başçıları Türkiyə ilə münasibətləri normallaşdırmağa, sıx əlaqələr qurmağa cəhd göstərirlər. Bu fikirləri onlar artıq mətbuata da çıxarırlar.
“Bəli, Türkiyə ilə işləmək lazımdır. Biz Türkiyə ilə işləyirik və işləməyə davam edəcəyik.”
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Başqa vaxt haray-həşir qoparıb Türkiyəni özlərinin əsas düşməni elan edən Ermənistan rəsmilərinin bu “mehribanlığı” indi heç cür izah olunmur. Ancaq gah nala, gah da mıxa vuran spiker ifadələrini elə seçir ki, guya Türkiyə ilə Ermənistanın əlaqələrinin normal hala düşməsinə Azərbaycan mane olur. Görürsünüzmü, əsl daşnak balasıdır, ağıllı çıxış yolu axtarmaqdansa iki qardaş arasına nifaq toxumu səpməyə, ara vurmağa çalışır. Simonyan daha sonra bildirib: “Təəssüf edirəm ki, Azərbaycan Ermənistanla Türkiyə arasında münasibətləri, Ermənistan-Türkiyə sərhədi məsələlərini, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını girov götürüb və təsir göstərməyə çalışır. Bu çox pisdir. Düşünürəm ki, Türkiyənin müvafiq rəsmiləri də bunu başa düşürlər”.
Onun sözlərinə görə, Ermənistan öz mövqeyi ilə sülhə hazır olduğunu nümayiş etdirib: “Ümid edirik ki, bu addımları görən Türkiyə də öz mövqeyini daha aydın ifadə etməyə başlayacaq”.
Bu fikirləri ilə parlament sədri sübut edir ki, Ermənistan sülh nizamlamasını pozmaq üçün yeni variant uydurur. Çünki iki dövlət öz arasında uzun illər davam edən problemləri danışıqlar yolu ilə həll edə bilərlər. Yetər ki, buna istək olsun. Ancaq Simonyan başqa “hava” çalır.
Xaricdən idarə olunan qondarma dövlətin siyasətdən bixəbər və bacarıqsız başçılarına təlimat verilib ki, sülh nizamlamasını 2027-ci ilə qədər uzatsınlar. Keçən müddətdə isə ordusunu gücləndirərək müasir silahlar alıb Azərbaycana qarşı müharibəyə hazırlaşsınlar. Bu planın müəllifi Fransa Prezidenti Emmanuel Makron və bəzi beynəlxalq təşkilatlardır. Çünki dediyimiz kimi, dövlət vəzifələrinə soxulmuş kütbeyin haylar müstəqil siyasət düşünə və apara bilmirlər. Hazırda Hindistan və Fransa Ermənistana zirehli maşınlar, transportyorlar, hücum silahları, yaxın və uzaqmənzilli raketlər və müxtəlif döyüş sursatları verir.
Ancaq Ermənistan ordusu nə qədər silahlandırılsa da Azərbaycan Ordusunun arsenalı ilə müqayisədə olduqca zəifdir. Bundan başqa, İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətin nəticələri aradan qaldırılmayıb. Müharibə xofu ermənilərin canından hələ də çıxmayıb. “Dəmir yumruq” qorxusu daşnakların başı üzərində qalmaqdadır. Bir dəfə qılıncla gəldilər, qılıncla da məhv oldular. Əgər yenə də qan damarlarında durmursa, gəlsinlər…
Vəli İlyasov, “İki sahil”