AZ

Trampın adamları Ukrayna müxalifətilə gizli danışıqlara BAŞLADI

ABŞ prezidenti Donald Trampın yaxın çevrəsinin dörd yüksək vəzifəli üzvü Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenskinin bəzi əsas siyasi rəqibləri ilə gizli danışıqlar aparıb.

Modern.az xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşrinin məqaləsində bildirilib.

“Adı açıqlanmayan üç ukraynalı deputatın və ABŞ-nin respublikaçı xarici siyasət ekspertinin bildirdiyinə görə, Trampın adamları Ukrayna müxalifətinin lideri, iddialı keçmiş baş nazir Yuliya Timoşenko və eks-prezident Pyotr Poroşenkonun partiyasının yüksək vəzifəli üzvləri ilə danışıqlar aparıblar”, – media yazıb.

Məlumata görə, müzakirələr Ukraynanın tez bir zamanda prezident seçkilərini keçirib-keçirməyəcəyi ilə bağlı olub.

Seçkilər ölkə konstitusiyasına uyğun olaraq təxirə salınıb, çünki Ukraynada hərbi vəziyyət hələ də qüvvədədir.

Seçkilərin keçrilməsini tənqid edənlər deyirlər ki, vəziyyət xaotik ola bilər və situasiya Rusiyanın əlinə keçə bilər, çünki çoxlu potensial seçici cəbhə xəttində xidmət edir və ya xaricdə qaçqın kimi yaşayır.


“Politico”nun xəbərinə görə, Trampın köməkçiləri əmindirlər ki, Zelenski müharibə yorğunluğu və geniş yayılmış korrupsiyaya görə ictimai məyusluq səbəbindən bütün səsləri itirəcək.
 

“Həqiqətən də, Zelenskinin reytinqi aşağı düşüb. Baxmayaraq ki, ötən həftə prezident Donald Tramp və vitse-prezident J.D.Vens onu aşağıladıqdan, Ukrayna liderinə qapı göstərildikdən sonra Oval kabinetdəki mübahisə bu reytinqi bir qədər yüksəldib, amma indiki situasiya heç də yaxşı deyil”.
 

Bununla belə, son rəy sorğusu göstərir ki, Zelenski prezidentlik yarışında lider olaraq qalır.

ABŞ administrasiyasının rəsmi mövqeyi isə ondan ibarətdir ki, Tramp Ukraynanın daxili siyasətinə qarışmır.

Bu həftə ticarət naziri Hovard Lutnik ABŞ prezidentinin “Ukrayna siyasətinə qarışdığını” təkzib edərək deyib ki, Trampın bütün istədiyi sülhə nail olmaq üçün tərəfdaş tapmaqdır.

Ağ Evdəki qalmaqaldan sonra Britaniyanın “Survation” sosaial tədqiqat agentliyinin keçirdiyi sorğuda respondentlərin 44 faizi prezidentliyə Zelenskini dəstəkləyəcəyini bildiriblər. Ondan 20 faizdən çox geridə qalan əsas rəqibi quru qoşunlarının keçmiş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnıdır.

“Şokolad kralı” adlandırılan eks-prezident Pyotr Poroşenkonu cəmi 10% dəstəkləyib. Keçmiş baş nazir Timoşenko cəmi 5,7 faizin dəstəyini qazanıb.

Seçilən
44
1
modern.az

2Mənbələr