AZ

Gizli səs yazan qulaqlıq təqdim edildi

Gizli səs yazısı funksiyası olan yeni simsiz qulaqlıq təqdim edildi

Valyuta.az xəbər verir ki, texnologiya şirkəti "Viaim" "RecDot" adlı yeni simsiz qulaqlıq modelini təqdim edib. Standart simsiz qulaqlıq funksiyalarına malik olan bu cihaz süni intellekt dəstəyi və innovativ səs yazısı xüsusiyyətləri ilə seçilir.

"RecDot" qulaqlığı istifadəçilərə görüşləri, telefon danışıqlarını və ətraf mühitdəki səsləri qeydə alıb mətnə çevirmək imkanı yaradır. Diqqətçəkən xüsusiyyətlərindən biri də odur ki, bu qulaqlıq qulaqda olmasa belə, enerji qutusunda olarkən də səs yazısı apara bilir.

Şirkətin məlumatına görə, qulaqlığın enerji qutusuna daxili yaddaş əlavə edilib. Qutunun qapağı açıq olduqda və üzərindəki qırmızı düyməyə basıldıqda, səs yazısı avtomatik aktivləşir. Bu sistem 7 metr məsafədən səs qəbul edə bilir.

Şirkət "RecDot" modelini əsasən ofis istifadəsi üçün hazırladığını bildirsə də, bu qulaqlıq müxtəlif sahələrdə də faydalı ola bilər. Belə ki, tələbələr dərs qeydləri apara, musiqiçilər vokal məşqlərini qeydə ala, jurnalistlər və yazarlar müsahibələri asanlıqla mətnə çevirə bilər.

Qulaqlıq 36 saatlıq batareya ömrü, 48 dB aktiv səsboğucu və süni intellekt dəstəkləyən görüş köməkçisi xüsusiyyətləri ilə təchiz edilib. "RecDot" qulaqlığının qiyməti 249 dollar olaraq açıqlanıb, lakin təqdimata özəl olaraq 236,55 dollara satışa çıxarılıb. Məhsulun hansı bölgələrdə satışa təqdim olunacağı və yerli qiymətləndirilməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bu cür texnologiyalar innovativ xüsusiyyətləri ilə yanaşı, etik və hüquqi suallar da doğurur. Gizli səs yazısı funksiyası məxfilik qaydalarının pozulmasına gətirib çıxara bilər. Şirkət bu funksiyanın əsasən rəsmi və fərdi məqsədlər üçün nəzərdə tutulduğunu bildirsə də, bu tip texnologiyaların sui-istifadə olunma ehtimalı yüksəkdir.

Sərvanə Rəmixanova

Seçilən
55
valyuta.az

1Mənbələr