AZ

Şahmar Hacıyev: İğdır-Naxçıvan təbii qaz xəttinin açılışı regionun enerji təhlükəsizliyi istiqamətində mühüm hadisədir

İğdır-Naxçıvan təbii qaz xəttinin açılışı regionun enerji təhlükəsizliyi istiqamətində mühüm hadisədir.

Bu barədə “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, enerji təhlükəsizliyi üzrə ekspert Şahmar Hacıyev danışıb.

O, ilk olaraq Naxçıvan Muxtar Respublikasının erməni aqressiyası səbəbilə blokada şəraitində qalmasından söz açıb və bu fonda İğdır-Naxçıvan təbii qaz layihəsinin açılışını tarixi hadisə kimi qiymətləndirib:

“Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində bütün kommunikasiyalar, Naxçıvana gedən qaz-enerji xətləri dağıdılmışdı. Bu səbəbdən uzun müddət Naxçıvan əhalisi problemlərlə üzləşdi. Nəhayət, 2006-cı ildə Azərbaycan və İran arasında anlaşma imzalandı və Naxçıvana qaz Bakı-Astara kəməri vasitəsilə İrandan svop şəklində ötürülməyə başlandı”.

Lakin ekspertin sözlərinə görə, İrandan Naxçıvana ötürülən qaz Azərbaycanı qane etməyib və bu səbəbdən Azərbaycan Türkiyə ilə danışıqlara başlayıb:

“Bu layihə üzərində ciddi şəkildə iş aparıldı və 2025-ci ildə yekunlaşdı. İğdır-Naxçıvan qaz xəttinin açılması ona görə tarixi hadisədir ki, bu yolla Azərbaycandan Naxçıvana Türkiyə üzərindən birbaşa təbii qaz ötürülür. Bu isə regionun enerji təhlükəsizliyi üçün mühüm məsələdir. Layihənin ümumi uzunluğu Türkiyə tərəfdən 80, Naxçıvan tərəfdən isə 17,5 kilometrdir. İllik ötürmə qabiliyyəti isə 730 milyon kubmetr təşkil edir. Bu isə gündəlik iki milyon kubmetr qazın Naxçıvana ötürülməsi deməkdir”.

Ş.Hacıyev gələcəkdə bu layihənin ötürmə qabiliyyətinin iki dəfə artırıla biləcəyini də vurğulayıb:

“Layihə 1,5 milyard kubmetrə qədər qaz ötürmə gücünə sahib ola bilər. Bu, hər iki ölkənin uğurudur. Azərbaycan və Türkiyə bundan öncə də Bakı-Tbilisi-Ceyhan, TANAP kimi mühüm enerji layihələri həyata keçiriblər. Bu layihələr Türkiyəni regionda aparıcı gücə çevirir. Azərbaycan da, öz növbəsində, Türkiyə ilə enerji əlaqələrini gücləndirir”.

Müsahib hesab edir ki, bu layihənin həyata keçirilməsi iki ölkə arasında strateji əlaqələrin ən yüksək səviyyəyə çatdığını göstərib.

“TANAP layihəsi İğdır-Naxçıvan qaz kəmərinin də həyata keçirilməsini bilavasitə dəstəkləmiş oldu. Bu qaz xətti regionun enerji təhlükəsizliyini təmin edir və gələcəkdə Azərbaycanın İrandan qaz alışını yekunlaşdırmasına imkan verir. Çünki svop qaz anlaşması tranzit məbləğinin İrana verilməsini də nəzərdə tuturdu. Bu layihənin həyata keçirilməsi ilə Azərbaycanın artıq İrandan asılılığı qalmır, öz təbii qazını birbaşa Naxçıvana tədarük edir”, - mütəxəssis əlavə edib.

Ş.Hacıyev sonda onu da diqqətə çatdırıb ki, Naxçıvan kontekstində Türkiyə-Azərbaycan əlaqələri təkcə qazla yekunlaşmır:

“Tərəflər arasında alternativ bərpaolunan enerji mənbələrinin inkişafı və Türkiyəyə Naxçıvandan elektrik enerjisinin ötürülməsi məsələsi də müzakirə olunur. Yaxın gələcəkdə bu layihələrin də baş tutacağına inanırıq”.

Seçilən
62
report.az

1Mənbələr