Səudiyyə Ərəbistanında “Qurani-Kərim muzeyi”nin təntənəli açılışı olub. Açılış mərasimində Məkkə vilayəti qubernatorunun müavini şahzadə Səud bin Mişal bin Əbdüləziz iştirak edib.
Muzey məkanının açılışı tarixi yerlərin hazırlanması və aktivləşdirilməsi və mədəni layihələrin inkişafı üzrə Kral Komissiyasının iştirakı ilə baş tutub.
Sərgidə Quranın nadir tarixi əlyazmaları kolleksiyası, eləcə də interaktiv vizual obyektlər yer alır. Muzeyi ziyarət edənlər Qurani-Kərimin yazılması prosesi ilə yanaşı, Müqəddəs Kitabın əsrlər boyu necə qorunub saxlanması ilə də tanış ola biləcəklər. “Qurani-Kərim Muzeyi” Quranın ilk nazil olduğu yer olan Hira dağının ətəyində yerləşən Hira mədəniyyət rayonunun əsas görməli yerləri olacaq. “Asharq Al-Awsat” xəbər verir ki, mərkəz Məkkə sakinləri və ziyarətçilərinin dini və mədəni təcrübəsini zənginləşdirmək məqsədi daşıyır.
//Samir Qurbanov, Editor.az