BAKI, TurkicWorld
FİFA 2030-cu ildə keçiriləcək dünya çempionatında komandaların sayını 64-ə çatdırmağı düşünür.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu təklif çərşənbə günü FİFA Şurasının iclasında müzakirəyə çıxarılıb və ideyanı Uruqvay Futbol Federasiyasının prezidenti İqnasio Alonso irəli sürüb.
Məlumata görə, FİFA prezidenti Canni İnfantino bu təklifi nəzərdən keçirməyi qərara alıb. FIFA sözçüsü bildirib ki, bu məsələ FİFA Şurasının martın 5-də keçirilən iclasında “müxtəlif məsələlər” başlığı altında müzakirəyə çıxarılıb.
Belə ki, FİFA prezidenti Canni İnfantino vəzifəyə gəldiyi 2016-cı ildən etibarən dünya çempionatının formatını genişləndirmək üçün müxtəlif addımlar atıb. 2026-cı ildə Meksika, Kanada və ABŞ-da keçiriləcək mundialda komandaların sayı artıq 48-ə yüksələcək. Yeni təklif qəbul edilərsə, 2030-cu ildə iştirakçı sayı 64-ə çata bilər ki, bu da turnirin daha uzun və mürəkkəb olmasına səbəb olacaq.
2030 mundialına İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. Bundan əlavə, Uruqvay, Argentina və Paraqvayda turnirin 100 illiyi münasibətilə xüsusi oyunlar təşkil olunacaq. Ekspertlərin fikrincə, komandaların sayının artması turnirin ən azı altı həftəyə qədər uzanmasına və təşkilati çətinliklərə səbəb ola bilər. Eyni zamanda, genişləndirilmiş formatın ekoloji təsirləri ilə bağlı da narahatlıqlar var.
Turnirin genişləndirilməsi futbol federasiyalarının müxtəlif qitələrdəki prioritetlərini ortaya qoyur. Cənubi Amerikada komandaların sayının artması seçmə mərhələlərin əhəmiyyətini azalda bilər ki, bu da federasiyalara maliyyə itkisi gətirə bilər.UEFA-ya üzv 55 ölkədən daha çoxunun turnirdə iştirak etmək şansı olacaq. Asiya, Afrika və Okeaniya üçün isə əlavə kvotaların müsbət qarşılanacağı gözlənilir.
Qeyd edək ki, FİFA bundan əvvəl 2026-cı il dünya çempionatında komandaların sayını 32-dən 48-ə çatdırmaq qərarı verib. 2030-cu ildə bu sayın 64-ə qaldırılması ilə bağlı yekun qərar hələ verilməyib.