Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətini dayandırır. “Reuters”in xəbərində belə deyilir.
"Biz Azərbaycan hökumətinin BQXK-nın Azərbaycandakı ofisini bağlamaq niyyətindən xəbərdar olduq", - təşkilatın sözçüsü İlahə Hüseynova “Reuters” agentliyinə bildirib. “Hazırda səlahiyyətli şəxslərlə əlaqə saxlayırıq”.
Bu, son dərəcə önəmli bir xəbərdir. Rəsmi Bakı 1992-ci ildən Bakıda fəaliyyət göstərən Qızıl Xaç Komitəsini niyə bağlayır? Xəbərdə bu suala aydınlıq gətirilmir. Böyük ehtimalla demək olar ki, Qızıl Xaç Komitəsi erməni separatçılarının Bakıdakı məhkəməsi ilə bağlı ermənilərin işinə yarıyan addımlar atıb. Bu da qəzəblə qarşılanıb.
Qızıl Xaç gərək siyasətə qoşulmasın, bitərəf olsun. Ancaq reallıqda, xüsusən erməni məsələsində təşkilat qeyri-rəsmi şəkildə tərəf kimi çıxış edirdi. Məsələn, bu təşkilat rəsmi Bakının icazəsi olmadan ermənilərin kontrolundakı Xankəndində ofis açmışdı. Xankəndi geri alındıqdan sonra da o ofisi bağlamaq istəmirdi. İndi isə bütövlükdə Azərbaycanı tərk etməli olur...
Elbəyi Həsənli
visiontv.az