AZ

Bakı Cənubi Qafqazda güc balansına təsir edən regional enerji siyasətinin mərkəzinə çevrilir - MÜSAHİBƏ

Bakı, 7 mart, Tamilla Məmmədova, AZƏRTAC

Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib. Ankarada Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Səfər çərçivəsində İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimi keçirilib. Azərbaycan və Türkiyə prezidentləri qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı vurğulayıb ki, birgə həyata keçirilən enerji layihələri, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verib.

AZƏRTAC mövzu ilə bağlı türkiyəli politoloq, iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Emir Aksoy ilə müsahibəsini təqdim edir.

AZƏRTAC türkiyəli politoloq, iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Emir Aksoy ilə müsahibəni təqdim edir.

- İğdır-Naxçıvan qaz kəməri regional enerji təhlükəsizliyində hansı strateji rola malikdir?

- Azərbaycan Prezidenti İlham Əliyevin geosiyasi şahmat taxtasında ustalığı onun enerji diplomatiyasında aydın şəkildə özünü göstərir. Yeni İğdır-Naxçıvan qaz kəməri sadəcə infrastruktur layihəsi deyil, həm də region tarixində mühüm mərhələ olacaq strateji təşəbbüsdür. Azərbaycan təkcə qaz ixrac etmir, eyni zamanda əsas enerji oyunçusu kimi mövqeyini möhkəmləndirir, təsir dairəsini genişləndirir və yeni geosiyasi reallıqlar formalaşdırır. Bu layihə uzun illər enerji problemləri ilə üzləşən Naxçıvanın tam enerji müstəqilliyini təmin edir. Artıq Naxçıvan Cənubi Qafqazın enerji xəritəsində strateji əhəmiyyətli mərkəzə çevrilir və yalnız öz tələbatını ödəməklə kifayətlənməyib, eyni zamanda daha geniş regional enerji şəbəkələrinə inteqrasiya olunmaq potensialına malik olur. Bu addım müttəfiqlərin inamını gücləndirir və strateji tərəfdaşlığın gücünü nümayiş etdirir. Artıq regionun enerji təhlükəsizliyi iki ölkənin möhkəm nəzarəti altındadır və bu yeni reallıqda Azərbaycan aparıcı rol oynayır.

- Yeni qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi perspektivləri nədən ibarətdir?

- Bu qaz kəməri yalnız bu günün tələbatını ödəmək üçün deyil, həm də gələcək irimiqyaslı enerji layihələrinə xidmət etmək məqsədilə hazırlanıb. Naxçıvanın enerji təchizatını təmin etməklə yanaşı, o, Avropaya doğru yeni enerji dəhlizlərinin açılmasına da imkan yaradır. Onun ötürmə gücünün artırılması və tranzit marşrutuna çevrilməsi sadəcə zaman məsələsidir. İğdır-Naxçıvan qaz kəməri Azərbaycan və Türkiyə arasındakı iqtisadi əməkdaşlığı möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazda güc balansını dəyişdirə biləcək uzunmüddətli regional alyansın əsasını formalaşdırır. Bu layihə Bakının və Ankaranın bölgədəki təsirini artırdığı üçün bəzi beynəlxalq oyunçuların narahatlığına səbəb olur.

- Bu boru kəmərinin istismara verilməsindən sonra Cənubi Qafqazın enerji balansı necə dəyişəcək?

- Cənubi Qafqazın enerji balansı tədricən tək bir mərkəz – Bakının xeyrinə dəyişir. Zəngin enerji resurslarına və inkişaf etmiş infrastruktura malik olan Azərbaycan təkcə əsas tədarükçü rolunu möhkəmləndirmir, həm də regionda yeni enerji təhlükəsizliyi arxitekturasını formalaşdırır. Ermənistanın xarici enerji resurslarından asılılığı getdikcə artdığı bir vaxtda, Azərbaycan öz strateji xəttini inamla quraraq enerji diplomatiyasının memarına çevrilir. Onun Türkiyə ilə uğurlu tərəfdaşlığı bu iki ölkəni güclü enerji alyansına çevirir və bu alyans təkcə Cənubi Qafqazda deyil, daha geniş miqyasda da güc balansını dəyişmək potensialına malikdir. Reallıq aydındır: Azərbaycan və Türkiyə birgə hərəkət etdikdə, dəyişikliklər təkcə enerji sektorunda deyil, həm də regionun geosiyasi mənzərəsində baş verir. Hər yeni layihə, hər bir əsas boru kəməri təkcə karbohidrogenlərin nəql marşrutu deyil, həm də gələcəyin formalaşdırılması üçün bir vasitədir. Bu gələcəkdə isə Bakı və Ankara aparıcı mövqeləri tutur.

- Yeni marşrut Azərbaycan və Türkiyə arasında iqtisadi və siyasi əlaqələrə necə təsir göstərir?

- Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər çoxdan strateji tərəfdaşlıq formatını aşaraq tamhüquqlu regional alyansa çevrilib. İki ölkənin iqtisadi, enerji və siyasi inteqrasiyası dərinləşməkdə davam edir ki, bu da uzunmüddətli əməkdaşlıq üçün möhkəm əsas yaradır. Bu proses yalnız ikitərəfli əlaqələri gücləndirmək deyil, həm də regionda yeni geosiyasi reallıq formalaşdırır. İğdır-Naxçıvan qaz kəməri sadəcə enerji marşrutu deyil, eyni zamanda dinamik inkişaf edən alyansın simvoludur. Belə layihələrin reallaşması “İki dövlət, bir millət” şüarını sözlərdən konkret geosiyasi addımlara çevrir, Ankaranın və Bakının Cənubi Qafqazda mövqelərini gücləndirir. Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq yalnız enerji sahəsini əhatə etmir — o regional təhlükəsizlik və təsir arxitekturasını müəyyən edir. Bu iki ölkə yeni güc balansına doğru birgə yol açır, burada onların alyansı sabitlik, iqtisadi artım və strateji liderlik üçün əsas amil olur.

- Azərbaycan və Türkiyənin Naxçıvanda yaşıl enerjinin inkişafı ilə bağlı planları nədən ibarətdir? Türkiyə və Avropa İttifaqı (Aİ) üçün bərpaolunan enerjinin genişləndirilməsində Naxçıvanın rolunu necə qiymətləndirirsiz?

- Bu gün enerji təhlükəsizliyi yalnız fosil yanacaqla məhdudlaşmır — o bərpaolunan enerji mənbələrinin inkişafını tələb edir. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycan ənənəvi neft və qaz istehsalçısından yaşıl enerji sahəsində aparıcı oyunçuya çevrilir və dayanıqlı gələcəyə doğru yol açır. Naxçıvan əlverişli təbii şəraiti ilə Azərbaycanın bərpaolunan enerji mərkəzinə çevrilməyə hazırdır. Günəş və hidroenergetika sahəsində iri layihələrin həyata keçirilməsi yalnız regionu təmiz enerji ilə təmin etməklə kifayətlənməyəcək, həm də Türkiyə və Avropaya elektrik enerjisinin ixracı üçün imkanlar yaradacaq. Bu, regionun enerji asılılığını azaldır və Azərbaycanın qlobal bazarda strateji tədarükçü kimi mövqelərini möhkəmləndirir. Bu gün təbii qaz, sabah hidrogen, gələcəkdə günəş enerjisi. Azərbaycan yalnız qlobal trendlərə uyğunlaşmaqla kifayətlənmir, eyni zamanda onları fəal şəkildə formalaşdıraraq yeni karbonsuz enerji dövründə öz mövqeyini möhkəmləndirir. Ölkə özünün, həmçinin tərəfdaşlarının enerji müstəqilliyini və dayanıqlılığını təmin edərək gələcəyin enerji tənliyinin memarına çevrilir.

- Qaz kəmərinin işə salınması uzunmüddətli perspektivdə regionun enerji bazarına hansı təsir göstərəcək?

- Uzunmüddətli perspektivdə bu layihə Azərbaycanın enerji diplomatiyasının daha bir açar elementi olacaq. Rəsmi Bakı artıq neft və qazın böyük ixracatçısı statusundan çıxaraq, Cənubi Qafqazda güc balansına təsir edən regional enerji siyasətinin mərkəzinə çevrilir. Ermənistan kimi oyunçuların getdikcə təcrid olunduğu şəraitdə Gürcüstanın tranzit baxımından Azərbaycandan asılılığı daha da artacaq. Bu kəmər təkcə Naxçıvanı qazla təmin edəcək infrastruktur layihəsi deyil. Bu, strateji arteriyadır ki, Azərbaycanın geosiyasi çəkisini günü-gündən artırır, Cənubi Qafqazın yeni enerji xəritəsinin formalaşmasında onun rolunu möhkəmləndirir.

- Ankara ilə Bakı arasında enerji əməkdaşlığının gücləndirilməsi üçün əlavə hansı infrastruktur layihələri nəzərdə tutulub?

- Türkiyə ilə Azərbaycan arasında enerji tərəfdaşlığı İğdır-Naxçıvan qaz kəmərindən çox kənara çıxır. Gələcək illərdə diqqət mərkəzində yeni elektrik ötürmə xətləri, bərpaolunan enerji sahəsindəki layihələr və hidrogen texnologiyalarının inkişafına dair birgə təşəbbüslər olacaq. Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyət kəsb edir və bu, regional ticarət və enerji tranziti üçün dönüş nöqtəsi olacaq. Bu strateji marşrut yalnız Bakı və Ankara arasında birbaşa enerji əlaqəsini təmin etməklə kifayətlənməyəcək, həm də Cənubi Qafqazın enerji xəritəsini köklü şəkildə dəyişdirərək resursların daşınması üçün yeni logistik imkanlar yaradacaq. Prezident İlham Əliyevin geosiyasi uzaqgörənliyi yalnız cari proseslərin idarə olunmasını deyil, həm də gələcək onilliklər üçün strateji planlaşdırmanı əhatə edir. Azərbaycanla Türkiyə arasında enerji əməkdaşlığının dərinləşməsi ilə regional təsir gücləndikcə, onlar yeni enerji və geosiyasi reallığı formalaşdıracaq.

 

Seçilən
74
azertag.az

1Mənbələr