“Örnək müəllim” nominasiyasının qalibləri sırasında “Müasir metodist” layihəsinin metodistləri Günel Məmmədova, Yasəmən Hacıyeva və Aytac Cəfərova da yer alıb. Metodistlərin bu mükafata layiq görülməsinə səbəb onların təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində göstərdikləri səmərəli fəaliyyət və davamlı olaraq peşəkar inkişafla məşğul olmalarıdır.
“Örnək müəllim” mükafatına layiq görülən metodistlərin adlarını və bu vaxta qədər əldə etdikləri uğurlarını təqdim edirik:
Gəncə şəhəri 13 nömrəli tam orta məktəbin metodisti Günel Məmmədova daim peşəkar inkişafla məşğul olur, bir sıra təlimlərdə, layihələrdə iştirakını davam etdirir. O, çalışdığı müddətdə “Təhsildə səmərəli fəaliyyətinə görə” Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşəkkürnaməsi ilə təltif olunub, “İnnovativ Müəllimlər Birliyi”nin üzvü olub.
Yasəmən Hacıyeva Beyləqan şəhər E.Bayramov adına Təbiət və humanitar fənlər təmayüllü liseydə metodist kimi fəaliyyət göstərir. Sertifikasiya imtahanında iştirak edərək yüksək bal toplayan Yasəmən Hacıyeva metodik bacarıqlarını inkişaf etdirmək istiqamətində müxtəlif təlimlərdə, layihələrdə iştirak etməkdədir.
Bakı şəhəri Sabunçu rayonu 338 nömrəli tam orta məktəbin metodisti Aytac Cəfərova peşəkar inkişafla davamlı olaraq məşğul olur, müxtəlif layihələrə, təlimlərə qoşulur. Məktəbin ictimai fəaliyyətində fəal iştirakçılar sırasındadır.
Qeyd edək ki, “Örnək müəllim” müsabiqəsi “AzEdu.az” Təhsil Portalı tərəfindən təşkil olunub.
“Örnək müəllim” müsabiqəsinin keçirilməsində məqsəd ölkənin müxtəlif regionlarında pedaqoji ustalığı, innovativ yanaşmaları və yüksək peşəkarlığı ilə seçilən müəllimlərin ictimaiyyətə tanıdılması və onların təhsil sahəsinə verdikləri töhfələrin layiqincə qiymətləndirilməsidir.
Mükafata layiq görülmüş metoditsləri təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulayırıq.