Bütün dövrlərdə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları qaldırıb. Sovet dönəmində bir neçə dəfə Qarabağ və Naxçıvanın Ermənistana bilrləşdirilməsi haqqında SSRİ rəhbərliyinin zəhləsini təkən ermənilər, sonda qarşılarında Heydər Əliyevi görürdülər. Dahi şəxsiyyətin bir neçə dəfə sərt təpgisindən sonra 1987-ci ilin sonunadək bu mövzuya qayıdılmayıb. Həmin il Heydər Əliyevin istefasından istifadə edən erməni millətçiləri Azərbaycana qarşı açıq hücum planını davam etdiriblər. Hadisələrin sonrakı inkişafı göstərdi ki, onlar illərdir Qarabağı Azərbaycandan qoparmaq üçün kompleks işlərə hazırlaşıb və özlərinə xeyli tərəfdar toplayıblar.
Nəticədə Ermənistan havadarlarının dəstəyi sayəsində ölkəmizin 20% ərazisini işğal etdilər. 1994-cü ildə Bişkekdə imzalanan atəşkəs anlaşmasıyla müharibə dayandırıldı. İşğalı qanuniləşdirmək istəyən maraqlı tərəflər, Azərbaycana dəfələrlə Qarabağın müstəqilliyini tanımaq təklifi etsələr də onların istəyi rədd edildi. Beləliklə, 2020-ci il sentyabrın 27-də Azərbaycan işğal altındakı ərazilərini azad etməyə start verdi. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində torpaqlarımız Ermənistan hərbi birləşmələrindən azad edildi. Qarabağda və Şərqi Zəngəzurda düşmənin törətdiyi vəhşiliklər erməni faşist ideologiyasının göstəricisi idi. Yüzlərlə şəhər və kəndlərimizi darmadağın edən, daşı daş üstündə qoymayan düşmən hətta təbiətdən belə qisas alıb. Meşələrimiz qırılıb, çaylarımız çirkləndirilib. Maddi-mənəvi abidələrimiz yer üzündən silinib. Məscidlərimiz dağıdılıb, təhqir olunub.
Azərbaycan öz suvernliyini bərpa edəndən sonra, Ermənistanın törətdiyi cinayətlərlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması üçün aksiyalar təşkil edilib. Dəfələrlə xarici jurnalistlərin iştirakıyla işğaldan azad edilən ərazilərə mediatur təşkil olunub. Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri dəfələrlə Qarabağ və Şərqi Zəngəzura gedib. Şuşada beynəlxalq tədbirlər keçirilib və Ermənistanın törətdiyi vəhşiliklər bir daha xarici qonaqların diqqətinə çatdırılıb.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əhəd Məmmədli bildirib ki, son illər təbliğat məsələsində xeyli işlər görülüb:
“Ermənistanın qəddar, cəllad, faşist mahiyyətini dünyaya lazım olan səviyyədə çatdırmaq işində fəaliyyət davam edir. Amma buna rəğmən ermənilər də bizə qarşı təbliğat aparırlar. Onlar özlərini əzilən, deportasiyaya uğrayan xalq kimi göstərməyə çalışırlar. Çox təəssüflər olsun ki, dünyanın əksər ölkələrində onlara dəstək nümüyiş etdirilir. Burada xristian təəssübkeşliyi də öz sözünü deyir. Xristian ölkələri münaqişəyə müsəlman-xristian qarşıdurması kimi yanaşıb, erməniləri haqlı çıxarırlar. Onlar hələ də ermənilərə qarşı edilən ”soyqırımı”ndan danışırlar. Guya 100 il əvvəl ermənilər kütləvi şəkildə qətlə yetirilib. İlk “soyqırımı”nı tanıyan ölkə Uruqvaydır. Uruqvay Latın Amerikasında balaca bir dövlətdir. Bəlkə də Uruqvayda heç Ermənistanın harada yerləşməsi haqda məlumat belə yoxdur. Amma xristian ölkəsi kimi, dərhal Ermənistan dəstəklənir və türklərə nifrət ifadə olunur. Bunun ardınca Cənubi Amerikanın digər ölkəsi Argentina da “soyqırımı” tanıyıb. Deməli erməniləri dünyanın müxtəlif bucaqlarındakı xristian ölkələri dəstəkləyir. Müsəlman ölkələrindən də erməni “soyqırımı”nı tanıyanlar var. Bu, Livandır. Livana da əslində müsəlman ölkəsi demək olmaz. Ölkənin yarısı xristiandır, hakimiyyət də xristianların əlindədir. Burada, əslində din təəssübkeşliyi, anti-islam, anti-türk münasibəti var. Bu da tarixdən gəlir. Biz onsuz da bunun qarşısını ala bilməyəcəyik. Amma bunun subyektiv səbbələri var. Təbliğat düzgün qurulmalı, düzgün aparılmalıdır. Səfirliklər, konsulluqlar, ideoloji adamlar yetişdirilməlidir. Həmin insanlar təpədən-dırnağa kimi vətənpərvər olmalıdırlar. İş təkcə ingilis dilini bilməklə yekunlaşmır. İşə ideoloji yanaşılmalıdır”.
Vəli Həsənoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mövzusuna uyğun olaraq dərc edilir”