"İndiki şəraitdə qlobal neft təsisatı mənzərəsini dəyərləndirmək bir az çətindir. Çünki qlobal qeyri – müəyyən siyasi vəziyyət yaxın dövrlərdə neft bazarlarındakı vəziyyəti dəyərləndirməyi bir az çətinləşdirir. Təbii ki indiki şəraitdə neft qiymətlərini təhdid altına alan əsas faktorlardan biri ABŞ-də prezident seçkisindən sonra Donald Trampın yürütdüyü neft siyasəti ilə bağlıdır. Bu siyasət neft qiymətlərini və eyni zamanda qlobal neft bazarlarının gələcəyini təhdid altına alır. Çünki Trampın siyasəti qiymətlərin düşməsinə səbəb ola bilər. Ticarət müharibələri və gömrük vergilərinin əhəmiyyətli dərəcədə artması son nəticədə qlobal iqtisadi tənəzzülə gətirib çıxara bilər ki, bu da neft bazarlarının gələcəyi üçün təhlükəlidir. Ona görə ki, iqtisadi tənəzzül sonda neftə tələbatı azalda bilər. Bu isə neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və bazarda bir xaos vəziyyətinin yaranması ilə nəticələnə bilər. Lakin bazarların tənzimləməsi ilə bağlı mütəffiq və OPEC dövlətlərin siyasəti doğru siyasətdir. Çünki Azərbaycan da Vyana sazişinin iştirakçısı kimi OPEC və mütəffiq dövlətlərin hasilat siyasəti neft bazarlarında tərəf və təklif balansının bərqərar olmasına, qiymət dalğalanmasının son verilməsinə hesablanmış addımdır. Bu isə neft qiymətlərinin sabitləşdirilməsi ilə bağlı atılan addımdır". Bu sözləri enerji sektoru üzrə ekspert Zəfər Vəliyev SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, OPEC və mütəffiq dövlətlərin hasilat siyasəti daha doğru siyasətdir: "Ona görə ki neft bazarlarının tənzimlənməsi eyni zamanda dünyada mövcud olan neft emalı zavadlarının funksional fəaliyyətinə səbəb olan addımlardan biridir. Bazara çıxarılan neft həcmlərinin 80%-dən yuxarı, bir çox hallarda 90% faiz civarında məhz neft emalı zavodlarının gündəlik xam mal ilə yüklənməsinə yönəldilən həcmlərdir. Əgər neft bazarlarında yüngül və ağır neftin tarazlığı bərqərar olunmasa, o zaman neft emalı zavodlarının normal fəaliyyəti mümkün olmayacaq. OPEC və mütəffiq dövlətlərin hasilat siyasətinin məhz bazarda yüngül və ağır neft tarazlığının bərqərar olmasına, neft emalı güclərinin funksional fəaliyyətinə hesablanmış bir addımdır. Məsələ burasındadır ki, ilin əvvəlindən bu günə kimi neft qiymətlərinin aşağı düşməsinin yeganə səbəbi ticarət müharibələri və sərt tarif siyasəti ilə bağlıdır. Bazar iştirakçıları hesab edirlər ki, əgər Trump Adminstrasiyası neft ilə bağlı bu addımları il boyu davam etdirərsə, o zaman neftə olan tələbat aşağı düşəcək. Lakin mən hesab edirəm ki, neft qiymətləri ikinci rübdən başlayaraq artacaq".
Ekspertin sözlərinə görə, fiziki bazarlarda indi vəziyyət tamamilə fərqlidir: "Çünki neft bazarlarında yüngül və ağır neft balansının qorunub saxlanması qarşıdakı aylarda neftə olan tələbatı artıracaq. Hollandiya İqtisadi-Siyasət Təhlili Bürosunun bir hesabatını dilə gətirmək istəyirəm. Həmin hesabatda göstərirlər ki, növbəti rübdə neftə olan tələbatda artımlar müşahidə olunacaq. Əsasən inkişaf etməkdə olan dövlətlər də həm ticarət həcminin artmasına, həm də sənaye aktivliyinin artmasına səbəb olacaq. Məsələn, 2024-cü ilin IV rübündə inkişaf etməkdə olan ölkələrdə ticarət həcmi əvvəlki aylar ilə müqayisədə 21 % artıb. Eyni zamanda sənaye istehsalında 28% artım müşahidə olunub və bu tendensiya davam edir. Ən əsası odur ki, hal-hazırda fiziki bazarlarda dizel yanacağına təlabat kifayət qədər yüksəkdir. Eyni zamanda inkişafda olan ölkələrdə neft koksuna, təyyarə yanacağına tələbatda kifayət qədər artımlar müşahidə olunur. Bu onu göstərir ki, növbəti rübdə neft məhsullarına olan tələbatda artım müşahidə olunacaq və bu baxımdan neft qiymətlərinin 70 dollardan aşağı düşməsi ümumiyyətlə mümkün deyil. Növbəti rübdə neft məhsullarına olan tələbatda bir artım görünəcək. Bu isə onu deməyə əsas verir ki, neftə tələbat artacaq. OPEC-in ilin əvvəlində neftə tələbat ilə bağlı proqnozunda göstərilir ki, 2025-ci ildə qlobal neft tələbatı gündəlik 105,2 milyon barrel təşkil edəcək. Bu rəqəm 2024-cü ildə neftə tələbat 103,75 milyon barrel olub. 2024-cü ilin IV rübündə gündəlik neftə tələbat artıq 104 milyon barreli keçmişdi. Bu az öncə qeyd etdiyim kimi, 2025-ci ildə gündəlik neftə olan tələbat 105,2 milyon barrel olacaq. 2026-cı ildə 106,63 milyon barrel tələbat təşkil edir. Bu 2030-2040-cı ilə kimi davam edəcəkdir. Müstəqil mənbələrin iddialarına görə neftə təlabat hətta 2040-cı ilə kimi davam edəcək. Bu o deməkdir ki, neft qiymətlərində enmələr müşahidə olunmayacaq. Bu baxımdan təbii ki neft qiymətlərinin 70 dollardan yuxarı olması neft hasilatı edən dövlətlərin tam marağına uyğundur. OPEC və mütəffiq dövlətlərin də hasilat siyasəti əsasən neft bazarında yüngül və ağır neft balansının qorunub saxlanmasına və eyni zamanda neft qiymətlərinin sabitləşməsinə nail olmaqdır. Çünki hal-hazırda bazarda dalğalanmalar mövcuddur. Bu dalğalanmanın qarşısını almaq üçün neft bazarlarında tələbatdan artıq neft həcmlərini yığışdırmaq lazımdır. İndi proqnoz verirlər ki, il ərzində qlobal neft bazarlarında tələbatdan artıq 4050 barrel neft mövcud olacaq. Bu isə bazarı elə də güclü təhdid altına almır. Qeyri-müəyyən siyasi vəziyyət tədarük zəncirinin bir neçə dəfə uzanmasına və neft axın xətlərinin dəyişməsinə səbəb olub. Neft axın xətlərinin dəyişməsi və tədarük zəncirinin uzanması əlavə barrel itkisidir. Təbii ki ilin sonuna kimi müstəqil mənbələrin eyni zamanda bazar içtirakçılarının təxminlərinə görə neft qiymətləri barrel hesabı ilə 70 dollardan yuxarı olacaq. Bu isə həm Azərbaycanın maraqlarına uyğun, həm digər OPEC və mütəffiq dövlətlərin, həm də Vyana sazişi iştirakçılarının maraqlarına uyğundur. Təbii ki neft qiymətlərinin 75-78 dollar civarında dəyişməsi eyni zamanda istehlakçı ölkələrində maraqlarına uyğundur. Bu baxımdan qarşıdaki aylarda neft qiymətlərində güclü enmələri müşahidə edilməsi mümkün deyil. Çünki bazarlar OPEC və mütəffiq dövlətlər tərəfindən dəqiq tənzimlənir".