Azərbaycan idmançısı Rafael Fiziyev UFC-də erməni Armen Sarukyanla qüvvəsini sınaya bilər.
Offsideplus.az xəbər verir ki, mümkün döyüş barədə fikirlər UFC313 yarışının mətbuat konfransında səsləndirilib.
R.Fiziyev martın 9-da UFC313-də növbəti döyüşünə çıxacaq. Yüngül çəki dərəcəsində mübarizə aparan həmvətənimiz ABŞ təmsilçisi Castin Qeycidən revanş almağa çalışacaq.
Sözügedən mətbuat konfransında jurnalistlərdən biri elə bununla bağlı R.Fiziyevə sual ünvanlayıb: "Əgər Qeyci üzərində qələbə çalsanız və təşkilatçılar kəmərə iddiaçıların yarışında sizi Armen Sarukyanla qarşı-qarşıya qoyarsa, buna münasibətiniz necə olar? Bu döyüşə razılıq verərsinizmi?".
Həmvətənimizin cavabı müsbət olub: "Biz bu barədə danışmışıq. Mən özüm də bu haqda düşünmüşəm. İddiaçılar döyüşünə çıxmaq... Fikrimcə, hə..."
Qeyd edək ki, hazırda R.Fiziyev yüngül çəkidə 11-ci, A.Sarukyan isə 1-ci yeri tutur. Həmvətənimiz növbəti döyüşdə qalib gələrsə, erməni ilə qarşılaşmaq ehtimalı böyüyəcək. Yüngül çəkidə UFC kəmərinin sahibi isə Rusiya təmsilçisi İslam Maxaçevdir.