ABŞ-nin Cənubi Karolina ştatında 2001-ci ildə keçmiş sevgilisinin valideynlərini beysbol dəyənəyi ilə öldürməkdə təqsirli bilinən və ölüm cəzasına məhkum edilən 67 yaşlı məhbus Bred Siqmon güllələnərək edam edilib.
Yenisabah.az xəbər verir ki, bu, ABŞ-də 1976-cı ildə ölüm cəzası yenidən tətbiq edildikdən sonra edam dəstəsi tərəfindən həyata keçirilən dördüncü edamdır.
Siqmon iynə ilə edam və ya elektrikli stul kimi digər edam üsulları əvəzinə güllələnməyi seçib. Güney Karolina Cəza İcra Departamentinin məlumatına görə, onun edamı üç könüllüdən ibarət edam dəstəsi tərəfindən yerinə yetirilib və ölüm yerli vaxtla saat 18:08-də baş verib.
Məhkumun vəkili Geral Bo King bildirib ki, müvəkkili ştatın istifadə etdiyi "vəhşi" edam üsulları arasında çətin bir seçim etməli olub. King qeyd edib ki, Siqmon elektrikli stulu seçmədiyi təqdirdə diri-diri yanma riski ilə üzləşəcəkdi və ölümcül iynə ilə edamı seçsəydi, sentyabr ayından bəri edam edilən üç məhkumda olduğu kimi uzun müddət ərzində ölmə riski ilə qarşı-qarşıya qalacaqdı. Bu səbəbdən, Siqmon güllələnməyi ən yaxşı seçim hesab edib.
Qeyd edək ki, 1976-cı ildən bəri ABŞ-də cəmi üç məhbus güllələnərək edam edilib və onların hamısı Yuta ştatında olub. Sonuncu belə edam 2010-cu ildə Ronnie Gardner adlı məhkumun edamı ilə həyata keçirilib.
Aytac Şahin
Telegram kanalımız