Prezident Donald Tramp bitkoinin hökumət ehtiyatının yaradılması haqqında sərəncam imzalayıb. Bu, kriptovalyutanın mümkün kütləvi istifadəyə doğru yolda əhəmiyyətli addım ola bilər.
Trampın “kripto çarı” Devid Saksın dediyinə görə, ölkə prezidentinin sərəncamına əsasən, ABŞ hökuməti cinayət və mülki proseslərdə artıq müsadirə etdiyi təxmin edilən 200 min bitkoini özündə saxlayacaq.
"ABŞ ehtiyatda yatırılan heç bir bitkoini satmayacaq. Onlar dəyər ehtiyatı kimi saxlanılacaq. Ehtiyatlar tez-tez "rəqəmsal qızıl" adlanan kriptovalyuta üçün rəqəmsal Fort Knox (Fort Noks - ABŞ-ın Qızıl Ehtiyatı) kimidir", Saks sosial mediada bildirib.
İcra sərəncamı hökumətin nəzarətində olan bitkoinlərin "tam qeydiyyatını" aparılmasını tələb edir. Saks isə bunun heç vaxt tam yoxlanılmadığını deyib. O əlavə edib ki, ABŞ hökuməti son on ildə təxminən 195 min bitkoini 366 milyon dollara satıb. O bildirib ki, hökumət onları satmasaydı, bu bitkoinlərin dəyəri təxminən 17 milyard dollar olardı.
Saks bildirib ki, sərəncam Xəzinədarlıq və Ticarət departamentlərinə “əlavə bitkoin əldə etmək üçün büdcədən kənar strategiyalar hazırlamağa” imkan verir.
visiontv.az