AZ

Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər » AzadMedia.az


Xanlar Fətiyev,
Milli Məclisin deputatı


Respublikamızda dövlət səviyyəsində qeyd edilən əlamətdar günlərdən biri də 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bu münasibətlə dövlətimizin başçısı qadınlara təbrik ünvanlayır, onları fəxri adlarla, medallarla təltif edir, müxtəlif tədbirlər təşkil olunur. Bütün bunlar Azərbaycan cəmiyyətində qadınlara olan yüksək ehtiramın göstəricisidir.
Böyük məmnunluqla qeyd etməliyik ki, Azərbaycanda hər zaman xalqımızın özünəməxsus milli də¬yər¬lərindən və adət-ənənələrindən irəli gələrək qadınlara dərin hörmətlə yanaşılıb, ana adı daim uca tutulubdur. Eyni zamanda tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak edib, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstəribdir. Xalqımızın qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaətlər, o cümlədən Tomris, Sara Xatun, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımızın fəaliyyətləri bunun bariz nümunələridir. Böyük şairimiz Nizami Gəncəvi öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaradıb. Görkəmli memar Əcəmi Naxçıvani tərəfindən ucaldılan Möminə xatun türbəsi əzəmətli memarlıq abidəsi olmaqla yanaşı xalqımızın qadına göstərdiyi ehtiramdan xəbər verir.
Ötən əsrdən etibarən dünyada baş verən dəyişikliklər, elmi-texniki inkişaf bütün sivil dövlətlərdə qadınların cəmiyyət həyatında rolunun artması ilə müşayiət olunubdur. Azərbaycan qadını bu dövrdə istər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də, sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan bütün dünyada qadınlara ilk seçki hüququ verən dövlətlər sırasındadır. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verəndə bu gün özünü demokratiyanın beşiyi sayan dövlətlərdə belə bir hüquq yox idi.
Xalqımızın tarixdəki görkəmli qadın şəxsiyyətlərinin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan qadınları da öz zəkaları ilə cəmiyyətimizin yüksəlişinə layiqli şəkildə xidmət edirlər. Qeyd etmək lazımdır ki, xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra qadın hüquqlarının qorunması, gender bərabərliyi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılmışdır. Müstəqil respublikamızın 1995-ci ildə qəbul olunmuş Konstitusiyası da qadın hüquqlarını dolğun təsbit etmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılması məqsədilə Qadın problemləri üzrə Dövlət Komi¬təsi ya¬radılıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti, bu istiqamətdə yaradılan ənənələr cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezident qadınların ölkə həyatındakı yerinə və roluna, o cümlədən onların dövlət idarəetməsində təmsil olunmalarına, müxtəlif vəzifələrdə qadınlara etimad göstərilməsinə diqqətlə yanaşır. Qadın problemləri üzrə Dövlət Komi¬təsinin Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komi¬təsi kimi yenidən forma¬laşdırılması, Milli Məclis tərəfindən “Gender (kişi və qadınların) bəra¬bərli¬yinin təminatları haqqında», “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edilməsi respublikamızda bu istiqamətdə keçirilən mütərəqqi siyasətdən xəbər verir.
Bu gün Azərbaycan qadınları cəmiyyətin bütün sahələrində fəal iştirak edirlər. Azərbaycan qadını həm siyasətçidir, həm övladlarımıza bilik verən müəllimdir, həm sağlamlığımızın keşiyində dayanan həkimdir, həm cəmiyyətin rifahına xidmət edən iş adamıdır. Ən əsası, Azərbaycan qadınları xalqımıza məxsus yüksək mənəvi dəyərlərin daşıyıcıları olaraq ana kimi layiqli övladlar tərbiyə edir, böyüdür. Torpaqlarımızı işğaldan azad edən qəhrəman oğulları vətənpərvərlik ruhunda formalaşdıranlar da ilk növbədə analardır, Azərbaycan qadınlarıdır. Bu gün həm də şəhid anası olan Azərbaycan qadını ən yüksək ehtirama layiqdir.
Dövlətim başçısının hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik qadınlara olan ehtiramının göstəricisidir. Cənab Prezident İlham Əliyev bir neçə gün öncə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınların ölkəmizin ictimai həyatında böyük nüfuza malik olduqlarını qeyd edib:
«Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər. Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuza malikdirlər. Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər».
Azərbaycanda qadın hərəkatının inkişafında Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Məhz Mehriban xanım Əliyeva özünün siyasi-ictimai fəaliyyəti ilə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da ucaldır. Azərbaycan qadınları üçün xarakterik olan milli dəyərlər və yüksək mənəvi keyfiyyətlər Mehriban Əliyevanın fəaliyyətində özünü göstərir. Mehriban Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Respublikamızda həyata keçirilən mütərəqqi dövlət siyasətinin və xalqımızın yüksək milli-mənəvi keyfiyyətlərinin nəticəsi olaraq qadınların cəmiyyətdəki layiqli mövqeyi hər zaman qorunub saxlanacaq. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram. Bayramınız mübarək, əziz xanımlar!
Seçilən
31
1
azadmedia.az

2Mənbələr