Əslən Quba rayonundan olan tanınmış aktrisa və aktyorun xatirəsi yad olunub.
"Report"un Şimal bürosunun məlumatına görə, Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Quba Könüllülər Teatrının kollektivləri 10 mart Milli Teatr günü ilə əlaqədar Qubadan olan mərhum səhnə ustaları - Xalq artisti Zərnigar Ağakişiyeva və Əməkdar artist Məcnun Hacıbəyovun məzarlarını ziyarət ediblər.
Mərasim iştirakçıları əvvəlcə Quba şəhər qəbiristanlığında görkəmli səhnə ustası Zərnigar Ağakişiyevanın məzarı üzərinə gül-çiçək düzərək xatirəsini ehtiramla anıblar.
Daha sonra mərasim İkinci Nügədi kənd qəbiristanlığında Əməkdar artist Məcnun Hacıbəyovun məzarının ziyarəti ilə davam etdirilib.
Məzarüstü çıxışlarda hər iki sənətkarın Azərbaycan teatr sənətinə verdiyi töhfələrdən bəhs olunub.