AZ

Suriyada Əsəd tərəfdarlarına qarşı hərbi əməliyyat başa çatdı... - RƏSMİ

Yazını böyüt
Yazını kiçilt

Suriya Müdafiə Nazirliyi keçmiş prezident Bəşər Əsəd tərəfdarlarına qarşı hərbi əməliyyatın başa çatdığını açıqlayıb. Rəsmilər sahil bölgələrində günlərlə davam edən döyüşlərin başa çatdığını və hakimiyyət orqanlarının diqqətini asayişin bərpasına yönəldəcəyini bildirib.

Hafta.az  İsrail mediasına istinadla xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Suriya Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdül Qani bildirib ki, hökumət qurumları əməliyyatları bərpa edəcək və təhlükəsizlik qüvvələri keçmiş rejimin qalıqlarından gələn təhdidlərlə mübarizəni davam etdirəcək. O vurğulayıb ki, hökumətin məqsədi ölkəni sabitliyə və normal həyata qaytarmaqdır.

Suriya prezidenti Əhməd əş-Şaraa son toqquşmalarda iştirak edənlərin hamısının ədalət qarşısında cavab verəcəyinə söz verib. Hakimiyyət artıq hər iki tərəfin törətdiyi qətlləri və cinayətləri araşdırmaq üçün müstəqil komitə yaradıb.

Əbdül Qaninin sözlərinə görə, təhlükəsizlik qüvvələri istintaqa kömək edəcək və bütün lazımi məlumatları verəcək.

Münaqişə Əsədə sadiq şəxslərin Cəblə bölgəsində yeni rejimin təhlükəsizlik qüvvələrini pusquya salması və ordunun sərt reaksiyasına səbəb olduqdan sonra başlayıb. Sonradan döyüşlər genişmiqyaslı repressiyalara çevrilib. Xüsusən də Əsədin mənsub olduğu Ələvi icmasının üzvlərinə qarşı...

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, döyüşlərdə 745-i mülki şəxs, 125-i təhlükəsizlik qüvvələri və 148-i keçmiş rejimə sadiq yaraqlılar olmaqla, 1000-dən çox insan həlak olub.

Dəməşqin nəzarəti bərpa etmək iddialarına baxmayaraq, regionda vəziyyət gərgin olaraq qalır və daha da gərginləşmə riski siyasi həll prosesini təhdid edir.

Seçilən
18
hafta.az

1Mənbələr