AZ

UNEC tələbəsinin uğuru: Cons Hopkins Universitetinə qəbul və təqaüd – MÜSAHİBƏ

Bakı, 10 mart, Aysel Azad, AZƏRTAC

Son illərdə azərbaycanlı gənclərin beynəlxalq səviyyədə akademik uğurları artmaqdadır. Onlardan biri də UNEC SABAH Mərkəzinin tələbəsi Gülarə Hüseynlidir. O, ABŞ-ın nüfuzlu Cons Hopkins Universitetinin Maliyyə magistratura proqramına qəbul olub və akademik göstəricilərinə görə “Dean’s Scholarship” təqaüdünü qazanıb. Bununla yanaşı, SOCAR-ın “Gənc İstedadlar” proqramını uğurla tamamlayıb.

AZƏRTAC-ın əməkdaşı Gülarə Hüseynli ilə söhbətləşib. Gənc maliyyəçi xaricdə təhsil almaq qərarına necə gəldiyini, qəbul prosesini və gələcək planlarını bizimlə bölüşüb.

Gülarə Hüseynli 2004-cü ildə Bakıda anadan olub. Hazırda UNEC SABAH qruplarında maliyyə ixtisası üzrə təhsil alır.

Cons Hopkins Universitetinə qəbul prosesi olduqca çətin və eyni zamanda, planlı şəkildə baş tutub. Gülarə bu istiqamətdə ilk olaraq universitetlərin tələblərini araşdırıb və özünü həmin tələblərə uyğun hazırlayıb. O, xüsusilə tövsiyə məktubu, motivasiya məktubu və yüksək akademik göstəricilərin qəbul prosesində əhəmiyyətli rol oynadığını vurğulayıb. Xaricdə təhsil şirkətinin də dəstəyi ilə sənədləşmə prosesini uğurla tamamlayıb.

Maliyyə sahəsinə marağı isə məktəb illərindən yaranıb. Riyaziyyat fənnini sevdiyini deyən Gülarə bu biliklərin tətbiq olunduğu maliyyə sahəsini seçməyin onun üçün ən uyğun qərar olduğunu düşünür.

Gənc istedad “Dean’s Scholarship” qazandığını qeyd edərək, bu təqaüdün onun üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Təqaüdü almaq üçün akademik göstəricilərin yüksək olması əsas şərtlərdən biridir. Bu təqaüdü qüvvədə saxlamaq üçün isə magistratura təhsili müddətində ortalama balını yüksək tutmalıdır.

Gülarə akademik uğurlar qazanmaq üçün xüsusi strategiyasının olmadığını desə də, günün ikinci yarısını dərslərə ayırmağa üstünlük verdiyini deyir. UNEC-də tədris metodlarının müasir olmasının onun xaricdəki təhsilə adaptasiya prosesini asanlaşdıracağını düşünür. İngilis dilində təhsil alması isə beynəlxalq akademik mənbələrə çıxış imkanını artırıb.

O, SOCAR-ın “Gənc İstedadlar” proqramına qatılaraq bu sahədəki biliklərini praktiki mühitdə tətbiq etmək fürsəti əldə edib. Hazırda SOCAR-da təcrübə keçən Gülarə proqramın iştirakçılara real iş mühitində təcrübə qazanmaq imkanı verdiyini vurğulayıb.

Magistratura təhsilini tamamladıqdan sonra o, maliyyə sahəsində fəaliyyət göstərməyi və Azərbaycanın nüfuzlu şirkətlərindən birində mütəxəssis kimi çalışaraq biliklərini tətbiq etməyi planlaşdırır.

Boş vaxtlarında əsasən şəkil çəkməyi və açıq havada gəzməyi xoşladığını deyən Gülarə məktəb illərində müxtəlif layihələrdə və olimpiadalarda iştirak edib. O, ikinci kursda oxuyarkən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məntiq olimpiadasının qalibi olub. COP29 könüllüsü kimi fəaliyyət göstərib, beynəlxalq layihələrdə yer alıb. UNEC SABAH qruplarının təşkilatçılığı ilə Macarıstanın paytaxtı Budapeşt və Çexiyanın paytaxtı Praqada keçirilən seminarlara qatılıb. Gülarə bu seminarların onun qəbul prosesinə müsbət təsir etdiyini düşünür.

Xaricdə təhsil almaq istəyən gənclərə tövsiyələrini bölüşən Gülarə yüksək akademik göstəricilərin önəmini vurğulayır. Onun sözlərinə görə, tələbələr ilk kursdan etibarən qiymətlərini yüksək saxlamağa çalışmalı, motivasiya məktublarını diqqətlə hazırlamalı və sosial aktivliklərini artırmalıdırlar.

Seçilən
19
azertag.az

1Mənbələr