Ukrayna Silahlı Qüvvələri Pokrovsk istiqamətində düşmən xəttinin arxasında cəsarətli əməliyyat keçirib. Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin 144-cü Mərkəzinin əməliyyatçıları sənaye binasını düşmənlərdən azad edərək 9 rus əsgərini əsir götürüblər.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bir neçə gün ərzində PUA operatorları rus əsgərlərinə həyatlarını xilas etmək şansı veriblər. Xüsusi təyinatlılar pilotsuz təyyarəyə quraşdırılmış səsgücləndiricidən istifadə edərək onları təslim olmağa çağırıb.
“Rədd cavabı alandan sonra Mərkəzin 144-cü dəstəsi düşmən xəttinin arxasına keçərək rusların gizləndiyi sənaye binasını minalayıb və partladıblar. Güclü partlayış düşməni əmin edib ki, gərək dərhal xüsusi təyinatlıların təklifi ilə razılaşmalıydılar. Düşmən əsgərləri təslim olmaq niyyəti ilə zədələnmiş binanın pəncərəsindən ağ parça yelləməyə başladılar. Tezliklə dörd və beş nəfərdən ibarət iki qrupda düşmən əsgərləri Ukrayna mövqelərinə doğru irəlilədilər. Onların arasında yaralılar da var idi”, - məlumatda deyilir.
Baş Qərargah bildirib ki, Ukrayna xüsusi təyinatlıları düşmənə ilkin tibbi yardım göstərib və təxliyyə ediblər.
Bəxtiyar CƏFƏRLİ