AZ

Türkan Şoraya bənzərliyi aktrisanı da çaş-baş qoydu: “Elə bilib ki, öz gəncliyidir” - FOTO/VİDEO

Sosial şəbəkələrdə bir video məşhurlaşan kimi dünya trendinə də çevrilir. Belə ki, artıq bir neçə gündür ki, hər kəs məşhur aktrisa Türkan Şorayın makiyajını edib, özünü aktrisaya bənzədir və “türk lokumu” həştəqi ilə paylaşır. Bu trend ölkəmizdən də yan keçməyib. Türkan Şoray makiyajını edənlərin ardı-arası kəsilmir. Amma bu insanların içində bir xanım var ki, Türkan Şoraya bənzərliyi ilə dillərdə dastandır. Necə deyərlər, bir almanın, iki yarısı. Bu xanım Şəfəq Abdullayevadır.
 
Moderator.az-a açıqlama verən xanım bildirib ki, Türkan Şorayı uşaq yaşlarından sevməyə başlayıb:
 
 
“Ali təhsilliyəm. İxtisasım üzrə işləmişəm. Uşaq yaşlarımdan məni Türkan Şoraya bənzədiblər. Üzümdə heç bir estetik, plastik müdaxilə yoxdur. İlk dəfə 2016-cı ildə stilist Nura Babayevanın yanına saçımı düzətməyə getmişdim. Məni ilk dəfə stilist Nura Babayeva kəşf etdi. Çox bənzədiyimi dedi və məni Türkan Şoray obrazında bəzədi. Daha sonra saytlarda paylaşıldı, çox dəvətlər alsam da işimlə əlaqədar razı olmadım. İndi isə daimi getdiyim bir salon mənimlə əlaqə saxladı və bildirdi ki, Türkan Şoray makiyajı trendi var. Məni Ali Zeynalov makiyaj etdi. O gündən sonra sosial şəbəkələrdə paylaşım oldu, tiktokda həmin video 12 milyon baxış yığdı. Bu videodan sonra çox dəvətlər aldım. Bu dəvətlərin içərisindən Anar Ağakişiyevin salonuna dəvəti qəbul etdim. Məni orada bəzəyən stilist Günay Qurbansoy idi. Daha sonra kastinq şirkətindən də dəvətlər almışam, hələ ki, geridönüş etməmişəm” deyə o bildirib.
 
 
Şəfəq Abdullayeva bildirib ki, bu obraza görə hələ ki, pul qazanmayıb:
 
“Türkan Şoray mənə görə dünyanın ən gözəl qadınıdır. O dünyada qadınlar arasında ən çox filmə çəkilən aktrisadır. Çox istərdim ki, hansısa filmdə Türkan Şorayın gəncliyini canlandırım. Mən paylaşımlarımın altında adımı qeyd edirəm. Amma bilmirəm o məni görüb ya görməyib. Amma dostlarımın dediyinə görə ona fotolarımı yollayıblar, məni görüb, hətta elə bilib ki, özüdür. Bunu mənə tanışlar deyib, bu haqda dəqiq məlumatım yoxdur. İndiyə qədər Türkan Şoray obrazına görə qonorar almamışam. Bir salon dəvət edib, 70 manata razılaşmışam. Amma hələ ki, nə getmişəm, nə də bəzənmişəm” deyə Şəfəq Abdullayeva bildirib.
 
 

 

Seçilən
25
moderator.az

1Mənbələr