“Tarix sahəsində Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kənan Məmmədov Milli Teatr Günü münasibətilə teatr xadimlərini və sənətsevərləri təbrik edib.
İctimai Birliyin sədri QHT.az-a açıqlamasında teatr və muzey əməkdaşlığının tarixi mövzuların səhnələşdirilməsində mühüm rol oynaya biləcəyini bildirib:
"Teatr və muzey əməkdaşlığı çərçivəsində tarixi mövzuların səhnələşdirilməsi olduqca maraqlı və perspektivli ideyadır. Tarixi hadisələrin və şəxsiyyətlərin tamaşalar vasitəsilə canlandırılması cəmiyyətin tarixə olan marağını artırmaqla yanaşı, maarifçilik baxımından da böyük əhəmiyyət daşıyır. Muzeylər bu prosesdə orijinal eksponatlar, arxiv materialları və tarixi kontekst baxımından teatrlarla əməkdaşlıq edərək tamaşaların daha realistik və dolğun alınmasına töhfə verə bilərlər".
Kənan Məmmədov vurğulayıb ki, Azərbaycan teatrında tarixi şəxsiyyətlər və hadisələr müəyyən qədər öz əksini tapsa da, bu sahədə boşluqlar mövcuddur:
"Əsas çatışmazlıqlardan biri tarixi tamaşaların sayının az olması və bəzən onların kifayət qədər elmi əsaslandırılmaması ilə bağlıdır. Bəzi hallarda tarixi şəxsiyyətlərin obrazları stereotiplər üzərində qurulur və bu, onların daha dərin və kompleks şəxsiyyət kimi təqdim olunmasına mane olur. Bundan başqa, müasir teatr texnologiyalarından – interaktiv səhnə həllərindən, multimedia vasitələrindən və tamaşaçını prosesə cəlb edən innovativ metodlardan daha geniş istifadə edilməlidir. Tarixi tamaşalar yalnız ənənəvi teatr səhnələrində deyil, açıq məkanlarda, tarixi abidələrin yaxınlığında və muzeylərdə də nümayiş etdirilə bilər ki, bu da tamaşaçının daha canlı təəssüratlar qazanmasına imkan yaradar. Azərbaycanın zəngin tarixi teatr səhnəsində daha geniş şəkildə canlandırılmalı, tarixi şəxsiyyətlərimizin və hadisələrimizin real obrazları yaradılmalıdır. Bunun üçün teatr-muzey əməkdaşlığı vacib addımlardan biri ola bilər".
Pərvanə Fərhadqızı
QHT.az